XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi-fəlsəfi ideyalar


Faiq Ələkbərli,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının
fəlsəfi dikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

VI Yazı

Siqqətül-islama görə, müstəbidləri hakimiyyətdən uzaqlaş­dırıb özləri müstəbidə çevirələnlər məşrutəçi ola bilməzlər. Onun fikrin­cə, bu cür məşrutəçilərin məqsədi 80 illik istibdad son vermək deyil, hakimiyyətə gələrək onu davam etdirməkdir. Bu axımdan Təbriz məşrutəçilərinin heç bir istibdadla razılaşma­yacağını yazan Siqqətül-islama görə, Azərbaycanın milli hüququ olmalıdır. O, yazırdı: “Deyirlər ki, şəhər təslim olmayınca Təbrizi öz hökmlərin­dən müstəsna edəcəklər. Təbriz əhalisi milli hüquq tələb edirdilər və edirlər. Milli hüquq tələb etmək istibdaddan suvay heç bir mən­tiqdə “şərarət” adlandırılmır [7, s.126-127].

Siqqətül-islam onu da bəyan edirdi ki, hər şey xalq ilə dövlət arasındakı səmimi birlikdən asılıdır. Bu səmimi birliyin əsasında Müzəffərəddin şah Qacar dövründə verilmiş Məşrutəyə sahib çıxılmasıdır. O, yazırdı: “Əgər dövlət məşrutəni verməsə, xalq ilə dövlət arasında birlik və əmin-amanlıq olmasa, tərəflər bir-birlərin­dən arxayın olmasalar, get-gedə fəsad genişlənər, bütün ölkədə əmniyyət olmaz, çapavulluq yayılar, beləliklə nə baş qalar, nə papaq... Əgər biz təbrizlilər də öz təkliflərimizə əməl etməsək, özü­müzü hər şeydən azad və məsuliyətsiz hesab etsək düşmən saqinin əlindən köməksizlik badəsini ilk içən biz olacağıq, - vəssalam!” [7, s.127].

Siqqətül-islam haqlı olaraq Türk olduğu halda türklükdən, Türk ədalətindən uzaq düşən Məhəmmədəli Şah Qacarı, eyni zam­anda məşrutə qılığındakı aryançı-irançı deputatları tənqid etmişdir.

XX əsrin əvvəllərində yaşamış Mirzəzadə Eşqi, ya da əsil adı ilə Seyid Məhəmmədrza (1893-1924) “Eşqinin idealı” əsərində yaşadığı cəmiyyətin gerçək təsvirini ortaya qoymuşdur. Belə ki, o, Müzəffərəddin şah Qacarın Məşrutə elan etməsi, ancaq oğlunun həmin Məşrutəni lğəv etməsi dövründə bir kəndlinin başına gələnlərdən bəhs etmişdir. Məlum olur ki, iki oğlunu Məşrutəyə qurban verən ata, sonda ümidini Məhəmmədəli şahın məğlubiyyəti ilə ölkədə haqq-ədalətin bərqərar olmasına bağlayır. Ancaq Məhəmmədəli Şahı taxtdan salan məş­rutəçilər heç də “inqilab” ümidlərini doğrultmurlar [7, s.180].Eşqiyə görə, bu “inqilab”a sipəhidarilər kəfil olduğu üçün, o nəticəsiz qaldı, bundan qazanan ikiüzlü məşrutəçilər oldu. O he­sab edirdi ki, bütün bunların bir daha təkrarlanması üçün sosial-demokratiya cərəyanına bel bağlamaq lazımdır [7, s.183]. Eşqi də inanırdı ki, ancaq “Lenin iniqlabı” yoluyla Qacarlar dövlətində inqilab edib, milləti yeni bir xoşbəxt aləmə, ağ günə çıxartmaq mümkündür. O ümid edirdi ki, yalnız “Lenin iniqlabı”ndan sonra da, hamı bərabər yaşayacaq, zülm sona çatacaq və xoşbəxtlik hökm sürəcəkdirdır [7, s.184].

Mirzəzadənin dünyagörüşündə ilk növbə­də, sosial-demo­krat cərəyanı əsasında insanlığın və bəşəriyyətin xilası məsələsi öz əksini tapmışdır. O, ümid edirdi ki, elə bir zaman gəlcək dünyada insanlar arasında heç bir bərbaərsizlik qalmayacaqdır. Eyni zamanda, o, dünya gerçəkliyində bir-birinə zidd olan məsələlərə (ədalət və zülm, sevgi və nifrət, doğru və yalan və s.) də toxunmuş, bu zaman bir növ Yaradanın işlərinə əl aparmışdır.

Sərab mahalının Dünni kəndində əkinçi ailəsində anadan olan Bayraməli Abbaszadə-Hammal (1859-1926) ictimai-siyasi görüşlərində “molla nəsrəddinçilər”in yolunu izləmşdir. Ömrünün son illərini Quzey Azərbaycanda yaşayan Hammal marksizmin sol qanadına (rus bolşevizminə) meyil göstərmişdir [7, s.99]. Hammal, Məhəmməd Əli şah Qacar devrilib onun yerinə oğlu Əhməd şah Qacarın gəlməsindən sonrakı vəziyyətin daha da acınacaqlı olması qənaətində idi [7, s.100]. Hammal da, sosial-demokratiyanın təsiri altında olmuş, insan və bəşəriyyətin gələcəyini sosialist ideyaların qalib gəlməsində görmüşdür. O da ümid edirdi ki, məhz dünyada yeganə doğru yolu tutanlar sosial-demokratlardır..

Güney Azərbaycanın Astara şəhərində dünyaya gələn, ictimai-siyasi baxışlarına görə sosial-demokrat (əvvəlcə sol yönlü İran Xalq Partiyasının, yəni Tudənin, daha sonra da sol-mərkəzçi yönlü ADF-nin üzvü olub) olan Firudin İbrahiminin nisbətən geniş həcmli əsərləri 1946-cı ildə nəşr olunmuş “Azəbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə”[20, s.110] silsilə məqalələri və “Sülh uğrunda (Paris Sülh konfransı barədə qeydlər. 1946)” hesabat xarakterli əsərləridir.

O, “Sülh uğrunda (Paris Sülh konfransı barədə qeydlər. 1946)” hesabat xarakterli məktublarında Böyük Britaniyanın, ABŞ-ın və digər Qərb dövlətlərinin Paris Sülh Konfransındakı siyasətini, ideyalarını tənqid etdiyi halda, Sovet Ruisyasının siyasətini isə müdafiə etmişdir. O, yazırdı ki, yalnız Sovet Rusiyası millətlərin haqq və hüquqlarının qorunmasında, davamlı sülhün bərqərar olmasında maraqlıdır[20, s.110].F.İbrahimi dünyagörüşünə görə sosial-demokrat təliminə yaxın olsa da, ancaq daha çox milli-demokrat mövqeyi ilə seçilmiş­dir. Eyni zamanda, o, “Azərbaycan dili”, “Azərbaycan milləti” adı altında azərbaycançılıq ideyasını təbliğ etmişdir.

20-ci əsrin birinci yarısında inqilabçı ruhlu şeirləri ilə diqqəti cəlb edən türk qadınları da olmuşdur. Məsələn, Nimtac xanım Səlmasi 1917-1918-ci illərdə aysori-kürd qüvvələrinin Səlmasda, Urmiyada və digər Azərbaycan şəhərlərində törtədiyi soyqırım aktlarına öz şeirlərində kəskin şəkildə cavab vermişdir[7, s.47].Səlmasi “Tehrana xitab” şeirində də ictimai-siyasi motiv­dən çıxış edərək, dövlət rəhbərlərinin idarəetmədəki bacarıqsızlıq­larını, nöqsanlarını tənqid atəşinə tutmuşdur[7, s.47].Nimtac xanımın şeirlərinin ruhundakı üsyankarlığı ilə yanaşı, milli dəyərlərə bağlılığı görməmək mümükn deyildir. O, Azərbaycan türkünün yenidən dililişini görmək istədiyi üçün, onları milli oyanışa səsləmişdir.

Azərbaycan türklərinin qadın ziyalılarından olan Şəms Kəsmai Təbrizdə çarşabsız gəzən ilk xanımlardan biri hesab olunur. Onun şeirlərində də iniqlabçılıq, yenilkçilik ön planda olmuş və insanları sosial bərabərliyə səsləmişdir[7, s.72-73].XX əsrin ilk yarısında yaşamış Pərvin Etisami (1906-1941) də qadın ziyalılarımız arasında mühüm yer tutur. Etisami də digər xanım ziyalılarımız kimi iniqlabçı ruhu, yenilikçiliyi ilə fərqlənmişdir. Məsələn, o, “Deyil” şeirində bir sərxoşun dili ilə valini, hakimi, polis rəisini, mollanı çox ustalıqla tənqid etmişdir[7, s.271].

Etisami “Ey rəncbər” şeirində isə diqqəti kəndlilərin dözülməz həyatına və bunda əsas günahkar olan hakimlər, məmurlar və mollalar tərəfindən istismar olunmasına çəkmişdir. Ona görə, bir para çörək üçün tər axıdan kəndlinin əmək haqqı sonda yalnız əzabdır, çünki əsas güc hakimlərin, mollaların əlindədir[7, s.272].Onun “Azadlıq nişanı” şeirində Pəhləvi rejiminin əsarətinə, zülmünə, assimilyasiya siyasətinə qarşı bir üsyan var idi[7, s.279].

XX əsrin birinci yarısında yaşamış Güney Azərbaycan Türk mütəfəkkir­lərinin fəlsəfi və ictimai fikir tarixində yeri çox əhəmiy­yətlidir. Bizcə, üç istiqamətdə, yəni milli demokratik, milli maarifçilik və islamçılıq yönlərində özünü ortaya qoymuş fəlsəfi və ictimai fikir tariximizin universallığı, özünəməxsus­luğu danıl­mazdır. Doğru­dur, milli demokratik istiqamət ilk dövrlərdə daha çox sosial-demokrat­izmə, müəyyən qədər də Sovet Rusiyasın­dan qaynaqlan­an marksizm-leninizmlə bağlı olmuşdur. Ancaq zaman zaman rus bolşevizminin mahiyyətini daha dərindən anlayan azər­baycanlı-türk sosial-demo­kratlar mərkəzçiliyə və bir qədər də irəli gedərək sağ mərkəzçiliyə doğru yön almış və milli demokratiyanın təmsil­çisi olmuşlar. Bu anlamda demokratların, ya da milli demokrat­ların fəlsəfi, ictimai-siyasi düşüncələri yalnız sosial-demokratizm ilə məhdudlaş­mamış və milli xüsusiy­yətlər də ön plana çıxmışdır.

Hər halda başda Şeyx Məhəmməd Xiyabani, Mirzə Tağıxan Rüfət, Tağı Ərani, Seyid Cəfər Pişəvəri, Firudin İbrahimi, Əlirza Nabdil, Məhəmməd Biriya və başqaları olmaqla, bir çox mütəfəkkir­lərimizin mədəni-fəlsəfi və ictimai-siyasi irsini dar, məhdud şəkildə dəyərləndirmək doğru deyildir. Əlbəttə, həmin dövrün şərtləri altında yazıb yaratmış mütəfək­kirlərimiz, dövlət xadimlərimiz arasında bəzi­ləri marksizmin təsiri altında olmuş, Sovet Rusiyasının siyasi-ideo­loji təzyiqlərinə məruz qalmış və bundan dolayı ziddiyyətli tərəfləri olmuşdur. Ancaq həmin dövrün mühitinə və mənzərəsinə ümumi­likdə yanaşdıqda görürük ki, sosial-demokrat­izm əqidəsinə bağlı olan və olmayan milli-demo­kratların əsas qayəsi Azərbaycan xalqının milli-mədəni və siyasi-iqtisadi varlığını ortaya qoymaq olmuşdur.

Xüsusilə də, Xiyabani və Pişəvərinin başçılıq etdiyi Milli hərəkatların təməlində müstəqil Azərbaycanın varlığı ilə yanaşı, ümumiyyətlə bölgə xalqlarının ədalətli, demokratik və bərabər şəkil­də yaşama­sının idealları ifadə olunmuşdur. Məsələn, Pişəvərinin dünyagörüşünün əsasında, məhz milli xusiyyətlərə əsaslanan, ancaq məsuliyyətli azad bir cəmiyyətin təşəkkülü idi. Artıq bu cəmiy­yət yalnız marksizm təliminin prinsiplərini deyil, digər demokratik ideyaları da özündə əks etdirməli idi. Əslində Pişəvəri Xiyabaninin başlatdığı milli və azad Azərbaycan ideya­sını bir qədər də irəli apar­maq istəmiş, bunu ayrı-ayrı fərdlərin mübarizəsindən bir toplumun mübarizəsi olaraq genişləndir­məyə çalışmışdır. Ancaq bütün hallarda Xiyabaninin fəlsəfə­çiliyi Pişə­vəridən bir addım öndə olmuş, dərinliyi ilə seçilmişdi. Hər halda Xiyabani bir cəmiyyətin və onun fərdlərinin hansı səbəblərə görə azad yaşaması qədər, bu azadlığın sərhədlərini və məsuliyyətini də fəlsəfi cəhətdən daha dərindən əsaslandıra bilir­di. Bu məsələni, özü də etiraf edən Pişəvəri bildirmişdir ki, sadəcə Xiyabaninin dövrün­də onu anlayan kifayət qədər tərəfdarları olma­mışdır.

İstifadə olunmuş ədəbiyyat

Xiyabani Şeyx Məhəmməd. Azərbaycan və Azərbaycan demokratik qüvvələri. Bakı, “Müəllim”, 2010, s.117 Xiyabani Ş.M. Nitqləri/Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 2-ci cild. Bakı, “Elm”, 1983, s.411 Pişəvəri S.C. Məqalələri. Bakı: Azərnəşr, 2016, s.155 Tağyeva Ş., Rəhimli Ə., Bayramzadə S., Cənubi Azərbaycan. “Xiyabani” oçerki. Bakı, “Orxan”, 2000, s.197 Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. Bakı, “Bakı çap evi”, 2011, s.62 Məmmədli Pərvanə. Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər (I Hissə). Bakı, Sabah, 2015, s.22 Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 2-ci cild. Bakı, “Elm”, 1983, s.162-163 Mirzəyeva Cəmalə. Təcəddüd qəzeti Xiyabani hərəkatının ideoloji silahı kimi, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. Bakı, “Bakı Çap Evi”, 2011, s.204 Məmmədli Pərvanə. Şeyx Məhəmməd Xiyabaninin publisistikası, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. Bakı, “Bakı Çap Evi”, 2011 s.186, 184 http://www.tabrizinfo.com/tabriz/mashahir/rafaat.htm Qəribli İslam. Ş.M.Xiyabani hərəkatı dövründə Cənubi Azərbaycanda ədəbi mühit. Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. Bakı, “Bakı Çap Evi”, 2011 s.152 Pişəvəri S.C. Ayılıbdır. “Hürriyyət” qəzeti, 14 avqust 1919 -cu il, sayı 14 Pişəvəri S.C. O yan bu yandan. “Hürriyyət” qəzeti, 17 dekabr 1919 -cu il, sayı 38 Pişəvəri S.C. O yan bu yandan. “Məşəl” jurnalı, 30 dekabr 1919 -cu il, sayı 4 Pişəvəri S.C. O yan bu yandan. “Hürriyyət” qəzeti, 9 fevral 1920 -ci il, sayı 49 Pişəvəri Mir Cəfər. Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1984 Saray Mehmet. Kuzey ve Güney Azerbaycan türklerinin tarihi. Bakı, “Şərq-Qərb”, 2010 https://ali-shamil.tr.gg/%26%23399%3Bli-M.oe.sy.oe.-T%26%23601%3Bbri.htm https://az.wikipedia.org/wiki/S%C9%99id_S%C9%99lmasi#Yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1 İbrahimi Firudin. “Azəbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə”. Bakı, Elm və təhsil, 2018


MANŞET XƏBƏRLƏRİ