ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi vaxt iki gün ərzində başa çatır. Trampın administrasiyası bu müddət ərzində Moskvanın Ukraynadakı hərbi əməliyyatlarını dayandırmasını gözləyir.
Vaxtın tamamlanması ilə yanaşı, həm beynəlxalq ictimaiyyətin, həm də diplomatik dairələrin diqqəti Kremlin atacağı addımlara yönəlib. Bəs, bu təzyiq Moskvanın mövqeyinə təsir edə bilərmi? Putin savaşın bitməsi üçün Trampın şərtlərini qəbul edəcəkmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Hesab etmirəm ki, Trampın tətbiq edəcəyi sanksiyalar Rusiyanın mövqeyində ciddi dəyişikliklərə səbəb olacaq. Çünki Trampın özü də bildirdiyi kimi, tətbiq olunacaq tariflər ikinci dərəcəli xarakter daşıyacaq və bu sanksiyalar əhəmiyyətli təsir göstərməyəcək.
Trampın xüsusi nümayəndəsi Moskvaya səfər etdi, Vladimir Putin onu qəbul etdi və bu səfər zamanı aparılan müzakirələrin nəticəsindən asılı olaraq proseslərin gedişatı müəyyənləşəcək. Lakin ümumilikdə yaxın aylarda Rusiya-Ukrayna müharibəsinin dayandırılacağını və Rusiyanın Trampın şərtlərini qəbul edəcəyini düşünmürəm.
Əgər Rusiya savaşı dayandırmasa, Trampın ritorikasında müəyyən sərtləşmələr baş verə bilər. Bundan əlavə, əvvəl qeyd etdiyim sanksiyalar və tarif artımları tətbiq edilə bilər. Daha sonra proseslərin necə inkişaf edəcəyini müşahidə edəcəyik.
Hazırkı şəraitdə Trampın nə Rusiya ilə münasibətləri birbaşa və kəskin şəkildə pozacağı, nə də Ukraynanı ciddi şəkildə dəstəkləyəcəyi ehtimal olunur. Çünki onun öz siyasi maraqları və prioritetləri var. Hesab edirəm ki, bu proses tədricən inkişaf edəcək və ilk on gün ərzində hər hansı radikal dəyişiklik baş verəcəyi real deyil.
Aytən Yaşar/ Turkustan.az