Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IX Yazı

Ərdəbil Şeyxi Sultan Əli Sultan Rüstəm rəqabəti

Səfər hazırlıqları başa çatandan sonra Ağqoyunlu qoşunları ilə Səfəvi qüvvələri Təbrizdən Qarabağa doğru hərəkətə başladılar.Rüstəm Mirzə iki gün ərzində qoşunları müşayiət etdi və sonra geri döndü.Qoşunlar isə öz yolunu Ərdəbilə saldılar. Sultan Əli Ərdəbil xanəgahına gələrək burada öz yaxınları və müridləri ilə görüşdü və sonra Baysunqurla döyüşə yola düşdü.

Tərəflərin qüvvələri Araz çayı sahillərində bir-biri ilə rastlaşdılar. Amma bu qüvvələr Araz çayını keçməyə cəsarət etmədilər. Tərəflər Araz çayının müvafiq sahilində düşərgə salaraq bir neçə gün bir-birini müşahidə etdilər və sonra da döyüşə başlamayaraq geri çəkilməyi üstün tutdular.Baysunqur Şirvanşah Fərrux Yasar ilə, Sultan Əli isə Aybə Sultan ilə birlikdə geri qayıtdı.

Çox keçmədən İsfahan hakimi olan Kosa Hacı Bayandur 1493-cü ilin avqust ayında Ağqoyunlu dövlətinə qarşı üsyan qaldırdı və Rüstəm Mirzəyə tabe olmaqdan imtina edərək Baysunquru ölkə Sultanı kimi tanıdığını bildirdi.Bununla bağlı onun adına xütbə də oxutdu.Bu xəbəri eşidəndə Baysunqur Mirzə yenidən cənuba doğru qoşun çəkmək və Təbriz səltənətini ələ keçirmək qərarına gəldi.Rumlu yazır: “Rüstəm bəy özünü iki tərəfdən müxaliflərin oxlarının hədəfində gördü. O, yenidən Sultan Əli padşahdan xahiş etdi ki, Aybə Sultanla bərabər qiyamçıları dəf etməyə yollansın.O həzrət bu mübarizəni qəbul edib, on iki min nəfərlə həmin döyüşə əzm edib yola düşdü.Həmin gün Qara Piri Tuğaçi, Kosa Hacı ilə müharibəyə yollandı”.

Qızılbaş qoşunu hazır vəziyyətə gəldikdən sonra Rüstəm də onlara Aybə Sultanın komandanlığı altında 20 minə qədər Ağqoyunlu döyüşçüsü əlavə etdi və onlar Baysunqurun üzərinə yollandılar.Rüstəm padşah bu yürüşə o qədər önəm verirdi ki, şəxsən özü Təbrizdən çıxaraq, yürüşə gedənləri iki mənzil müşayət etmiş, sonradan paytaxta qayıtmışdı.Sultan Əli döyüşdən öncə Ərdəbilə gələrək, öz qohumları və şəhərdəki sufilər ilə görüşdü.Daha sonra onun və Aybə Sultanın 30-35 minlik birləşmiş qoşunları Qarabağa daxil oldu.Baysunqurla Fərrux Yasar da 30 minlik ordu ilə Kür çayını keçib Qarabağa gələrək,onların yolunu kəsdilər.Döyüş ərəfəsində səflər qurularkən Sultan Əli və Aybə Sultan ordunun mərkəzində, qızılbaş əmirlərindən Hüseyn bəy Şamlı sağ cinahda və Dədə bəy sol cinahda mövqe tutdular.Aybə Sultan beş minlik Ağqoyunlu qoşununu çərxçi mövqeyində qərarlaşdırdı.Rəqib düşərgədə isə Fərrux Yasar mərkəzdə, Baysunqur Mirzə sağ cinahda, Şirvan sipəhsaları Bəhmən bəy sol cinahda,onun oğlu Məlik isə çərxçi mövqeyində dayandılar.İlk növbədə çərxçilər bir-birinə həmlə etdilər.Şirvan sərkərdəsi Məlik şücaət göstərərək,əsgərləri öz arxasınca aparır və Ağqoyunlu qoşununu sıxışdırırdı.Lakin belə bir anda təcrübəli Ayba Sultan özünü çatdıraraq,gənc və cəsur şirvanlı sərkərdəni qətlə yetirdi.Bu, Şirvan çərxçiləri arasında qısa müddətdə pərakəndəliyə səbəb oldu.Buna baxmayaraq,arxa səflərdə dayanmış Şirvan ordusu əzmlə irəli atıldı və Ağqoyunluları geri çəkilməyə vadar etdi.Aybə Sultan nizə yarası aldı.Bunu görən Sultan Əli qızılbaşları hücuma səslədi və onlar öz mürşidlərinin əmri ilə hər tərəfdən həmləyə keçdilər.Bu döyüş Baysunqurun ölümü və Şirvanşahın qaçması ilə sona çatdı. Həsən bəy Rumlu yazır ki, Sultan Əli döyüşdə 2 mindən çox Şirvan və Baysunqur Mirzə əsgərini qətlə yetirdi.

“Tarix-i aləmara-yi Abbasi” də Sultan Əlinin əldə etdiyi uğurdan sonra Rüstəm Mirzə tərəfindən yüksək səviyyədə qarşılanması və aralarında yaranmış etimadın nişanəsi kimi, Sultan Əliyə,onun qardaşlarına və anasına Ərdəbilə dönmək icazəsi verildiyini bildirdi. “Sultan Əli Mirzə müzəffər və qalib şəkildə, son dərəcə əzəmətlə və iqtidarla Təbrizə gəldi. Sultan Rüstəm dostanə təşəkkür və minnətdarlıq edərək, o həzrəti sonsuz ehtiram və izzətlə Ərdəbilə tərəf yola saldı.

“Aləmar-yi Şah İsmayıl” əsərinin müəllifi isə yazır ki,Sultan Əli Ağqoyunlu sarayında qısqanclıq hadisələrinin artması səbəbindən Təbrizi tərk edərək Ərdəbilə sığınmaq məcburiyyətində qaldı.Mənbədə yazılır ki, Şirvanşah qoşunları üzərində qələbədən altı ay sonra saray əyanlarının Sultan Əliyə qarşı ədavəti gücləndi və onlar Sultan Rüstəm Mirzəni də Sultan Əliyə qarşı mövqe tutmağa sövq edə bildilər. Saray əyanlarının fikrincə, Sultan Əli artmış nüfuzundan istifadə etməklə istədiyini edə bilərdi.Ona görə qərara alındı ki, Sultan Əli aradan götürülsün.

Şeyx Heydərin oğlanlarının Ərdəbilə qayıtması xəbərini eşidən Səfəvi müridləri və tərəfdaşları xanəgaha axın etdilər.Bundan qorxuya düşən Sultan Rüstəm 1493-cü ilin payızında onları yenidən Təbrizə gətirdi.

Tarixi ədəbiyyatda olan bir məlumata görə, Sultan Əli və onun qardaşları Ərdəbildən gətirildikdən sonra Təbriz kənarında bir düşərgəyə yerləşdilər.Sultan Rüstəm Mirzə də bu düşərgəni nəzarət altına aldı. Sultan Əli nəzarət altına alındıqlarını biləndə Rüstəm Mirzənin görüşünə getdi və ondan nəzarət altına alınmalarının səbəbini soruşdu.Eyni zamanda ona çatdırdı ki, nə etmək lazımdırsa ona bildirsinlər və həmin göstərişləri yerinə yetirməyə çalışacaqdır.Sultan Rüstəm Mirzə də ona çatdırdı ki, sufi müridlərinin onun yanına gedib-gəlməsindən razı deyidir.Ona görə bir müddət onların gəlib -getməsinə son qoyulsa Sultan Əli haqqında qərəzçiliyə də son qoyula bilər.Sultan Əli bununla razılaşdı və müridlərinin özünün yanına gəlib-getməsini azaltmağa çalışdı. Sultan Rüstəm düşünürdü ki, bununla tərəfdaşların axınının qarşısını alar və Sultan Əlinin fəaliyyətini öz nəzarətində saxlayar. O Səfəvi müridlərinin Sultan Əliyə yaxınlaşmasının qarşısını almaq üçün bir neçə şəxsə əmr verdi. Buna baxmayaraq tərəfdaşlar gizlicə Sultan Əliyə pul, hədiyyə və qurbanlarını aparıb geri qayıdırdılar.

Buna baxmayaraq 1494-cü ildə Xoy yaylağına getdiyi zaman Sultan Rüstəm Mirzə Sultan Əli və sufilərini ziyafətə dəvət edərək öldürmək qərarı aldı. Onun bu qərarı Türkman müridi vasitəsi ilə Sultan Əliyə çatdırıldı və Sultan Əli dərhal məclis təşkil edərək bu məsələni müzakirəyə açdı.Hüseyn bəy Lələ, Dədə bəy, Qara Piri bəy Qacar və İlyas bəy gecə olduğu zaman Ərdəbilə qaçmağı qərara aldılar.

Beləliklə,Sultan Əlinin qardaşları ilə birlikdə Təbrizi tərk etməsi xəbərini alan kimi,Sultan Rüstəm Mirzə onun ardınca qoşun dəstəsi göndərdi. Bu orduya rəhbərlik Aybə Sultana tapşırıldı. Bəzi mənbələrin məlumatlarına görə, Aybə Sultanın tabeliyinə 4-5 min nəfərlik atlı dəstəsi verilmişdir.Bu dəstə böyük sürətlə Səfəvi şeyxlərinin və müridlərinin ardınca hərəkət etdi və Ərdəbil yaxınlığında Sultan Əlinin dəstəsini yaxalamaq mümkün oldu.Sultan Rüstəm Mirzə tərəfindən belə bir tapşırıq verimişdir ki, Sultan Əli Ərdəbilə daxil olmamış ələ keçirilsin.Əks təqdirdə onun Ərdəbil daxilində ələ keçirilməsi çoxlu sayda adamın qırılması ilə başa gələcəkdi.

Həsən bəy Rumlu yazır: Sultan Əli Padşahın qaçmasından və kinli qazilərin toplanmasından xəbər tutan Rüstəm bəy cəhalət və nadanlıq üzündən Hüseyn bəy Əlixanlı adlı dayısı oğlunu Aybə Sultanla ittifaqda güclü bir qoşunla Sultan Əli padşaha qəsd etmək üçün Ərdəbilə göndərdi.

Rüstəm Mirzə xəbər tutan zaman Aybə Sultanı 4000 və 5000 nəfərlik Türkman əsgərini onların arxasınca göndərdi.O dedi: “Əgər Allah göstərməsin, Sultan Əli bir dəfə Ərdəbilə çatsa ona qarşı göndəriləcək 10 min Türkman belə heç nə edə bilməz!”.

Sultan Əli ilə birlikdə onun qoşun dəstəsinin də hərəkət etdiyi bildirilirdi. Bir mənbə isə Sultan Əlinin ətrafında 700 nəfərlik bir mühafizə dəstənin olduğunu yazırdı.

Sultan Əlinin şəhid olması tarixi ilə bağlı həm mənbələrdə, həm də tarixi ədəbiyyatda müxtəlif rəqəmlər göstərilir.Müəlliflər onun şəhidlik tarixinin 1494-1495-ci il olmasına daha çox üstünlük verirlər.

Sultan Rüstəm

Sultan Rüstəm 1477-ci ildə Təbrizdə dünyaya gəldi.Atası Uzun Həsənin oğlu Maqsud Mirzə, anası isə Dana Xəlil bəyin qızı Şah Xatundur. Lələsi Əbdülkərim bəydir.1474-cü ilin noyabrında Maqsud Mirzə Təbrizdə həbs olundu və onun həbs günlərində Sultan Rüstəm Təbrizdə dünyaya gəldi.Əmisi Sultan Xəlilin səltənətinin ilk günlərində atası edam olundu. Əmiləri Sultan Xəlil və Sultan Yaqubun səltənətlərində digər əmisi Məsih Mirzənin himayəsində böyüdüldü.

1490-cı ildə Sultan Yaqubun ölümündən sonra yaranan taxt mübarizəsində mərhum sultanın oğlu Baysunqur Mirzəyə qarşı əmisi Mısih Mirzəni dəstəklədi.Ancaq ertəsi il baş tutan döyüşdə əmisi Məsih Mirzə lələsi Sufi Xəlil Bektaşinin xəyanətiylə məğlub edilərək öldürüldü.Rüstəm Mirzə ələ keçirildi və Əlincə qalasına həbs olundu. Bir ilə yaxın burada həbsdə tutulduqdan sonra Sufi Xəlil bəyin öldürülməsi və dayısı Eybə Sultanın səyləri nəticəsində azadlığa buraxıldı.

Rüstəm bəy 1492-ci ildə Ağqoyunlu dövlətinin Sultanı oldu və beş il çəkən hakimiyyəti çəkişmə və davalarla keçdi.

Səltənətinin ilk günlərində təyinat işləri ilə məşğul olan Sultan Rüstəm Şah Mahmudcan Deyləmini baş vəzirliyə yüksəltdi.Digər yandan Təbrizdəki taxt dəyişikliyindən istifadə edən Teymuri Sultan Hüseyn Bayqaranın Astrabad valisi Bədiüzzaman Mirzə ordu toplayaraq Vəramin qalasına hücum etdi.Ancaq Sultan Rüstəmin müqavimətini qıra bilmədi və geri çəkildi.

Onun səltənətinə qarşı növbəti addım isə öz dayısı Nurəli Mirzədir.Diyarbəkirə hücum edərək Süleyman bəy Bicanoğlunu öldürən Nurəli Mirzə burada öz hakimiyyətini elan etdi.Ancaq mərkəzi ordunun bölgəyə gəlişi ilə Nurəli Mirzə Qahirəyə qaçdı və 1494-cü ilin iyununda Diyarbəkir torpaqlarında da əmin amanlıq təsis olundu.Digər yandan Səfəvi şahzadələrinin artan siyasi gücündən qorxan Sultan Rüstəm onları təqib etməyə başladı.Şeyx Sultan Əli ələ keçirilərək öldürüldü. Qardaşları İbrahim və İsmayıl isə Gilana qaçırıldı.

O əsnada Qahirədən geri döbən Nurəli Mirzə bu dəfə də Osmanlı himayəsindəki Ağqoyunlu şahzadəsi Gödək Əhmədi səltənətə dəvət etdi.1496-cı ildə Ağqoyunlu torpaqlarına daxil olan Gödək Əhmədin digər mühüm dəstəkçisi isə bacısı ilə evli olan Hüseyn Əlixan oldu. Belə ki, o hələ yolda ikən Təbrizdə iğtişaşlar çıxarmış, Sultan Rüstəmin lələsi Əbdülkərim bəyi Sultaniyyə yaxınlığında öldürərək, 3 may 1497-ci ildə onun adına sikkə kəsdirmişdir.

Araz çayı sahilində tərəflər qarşı-qarşıya gəldilər və dayısı Eybə Sultanın tərəf dəyişməsi ilə Sultan Rüstəm məğlub edildi.Qaçaraq gürcülərə sığınan Sultan Rüstəm 3 ay sonra yenidən hücuma keçsə də,1497-ci ilin iyulunda baş tutan savaşda ələ keçirilərək öldürüldü.Uzun Həsənin nəvəsi (Uğurlu Məhəmmədin oğlu) və Fateh Sultan II Mehmedin qız nəvəsi Gödək Əhməd İstanbuldan gəlib əmirlərinin xəyanətinə uğrayan Sultan Rüstəmi məğlub edib öldürtdü və hökuməti ələ aldı.Rüstəm Mirzə Ağqoyunlu dövlətinin V Sultanı olaraq 1492-1497-ci illərdə hakimiyyət sürmüşdür.

Ardı var


MANŞET XƏBƏRLƏRİ