Tahir Həsənli
Quba rayonu, Yerfi kəndi
Azərbaycan ədəbiyyatının aşıq poeziyasında vücudnamə adlı bir şeir növü də işlənir. Bu şeirlərin ayrıca janr xüsusiyyətləri olmasa da məzmununa görə digər şeir növlərindən fərqlənir. Belə ki, ayrı-ayrı söz ustaları gəraylı, qoşma, dıvani və s. şeir janrlarında vücudnamələr düzüb-qoşublar. Bu cür şeirlərdə insan ömrü mərhələlərlə verilir, onun təbiətlə, cəmiyyətlə münasibəti qarşılıqlı şəkildə təsvir olunur.
Ədəbiyyatımızda klassik vücudnamələr sayıla biləcək qədər azdır. Bunun bir səbəbi mövzunun əhatə dairəsidirsə, digər səbəbi vücudnamə yaratmaq üçün istedadla yanaşı, yaradıcı insandan geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum tələb olunmasındadır.
Vücudnamənin daha geniş, əhatəli, bitgin nümunəsini Xaltanlı Tağı yaradıcılığında görmək olar. Bu şeir 22 bənddən ibarətdir. Qoşma şəklində yazılan bu şeirdə süjet xətti var. Lirika üslubunda olsa da ardıcıllıqla insanın ana bətnində yaranışı, zülmət dövrü, allahın insanı sınaq dövrü, fani dünya və insanın dünyasını dəyişdirdikdən sonrakı dövrü, baqi dünya-ümumilikdə bəşər əhlinin keçməli olduğu dövrlər, mərhələlər elmi və bədii şəkildə ifadə edilir.
Aşıq Tağının “Vücudnamə”si ozünə məxsusluğu ilə seçilir. Şeirin birinci bəndində su, od, torpaq və havadan yaranışı deməklə Adəmin gəldiyi məkandan sorağa gəldiyini söyləyir. Bu dörd ünsürə ruhun verilməsi ilə insan təkamülü başlayır.İnsanın sonrakı yaranışı ana bətnindəki inkişafı ilə bağlıdır. Aşıq bu mərhələni bədii şəkildə “Güzar etdim qeyri mehmanxanaya, Süzülüb qətrəylə gəldim adaya” deyərək dinləyiciyə çatdırır. Məlumdur ki, uşağın dünyaya gəlişi 280 günə olur. Bu müddət qəməri-hicri təqvimlə şifahi ədəbiyyatımızda deyildiyi kimi, 9 ay, 9 gün, 9 saata uyğun gəlir. Aşıq şeirdə 280 günü aylarla deyil, 40 günlük mərhələlərlə təqdim edir ki, bu da 7 dənə 40 edir. Göründüyü kimi, daha dəqiq hesablama və bu hesablama ilə uyğun olan inkişaf qırx günlərlə daha uyğundur. Hər qırx gündən sonra dölün inkişafı, tibbi- fizioloji prosesləri yığcam şəkildə təsvir edir.
“Quran”ın “Muminin” surəsinin 13, 14-cü ayələrində deyilir ki, ana bətnində inkişaf mərhələləri belə bir ardıcıllıqla gedir: nütfə, laxtalanmış qan, bir parça ət, sonra ət sümüklərə dönür, sümüklər ətlə örtülür, daha sonra yeni bir məxluq yaranır. “Üç qırxımda mənə mələk buyruldu,”- deyən aşıq üç aylıq uşağın embrion deyil, döl mərhələsinə qədəm qoyduğunu bildirir:
Beş qırxa yetəndə verildi canım,
Damar, sümük, ilik, ətdi üryanım.
Altı qırxda zühur etdi sübhanım,
Yeddi qırxda kökdən budağa gəldim.
Aşıq kök, budaq dedikdə insanın doguluşunu məcazi yolla çatdırmışdır.
“Quran”ın “Zumər” surəsinin 6-cı ayəsində deylir: “...O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır”...
Ayədə deyilən üç zülmət tərcüməçilər tərəfindən pərdə, uşaqlıq və qarına aid edilir. Lakin dölün ana bətnındə inkişafı ilə əlaqədar daha dəqiq məlumatlar müasir təxnoloji avadanlıqların köməyi ilə əldə edilmişdir. Müəyyən edilmişdir ki, bətndəki həyat üç mərhələdən ibarətdir. Birinci mərhələdə hüceyrə kütləsi əmələ gəlir ki, bu 2,5 həftədən ibarətdir. İkinci mərhələdə hüceyrə təbəqələrindən bədənin əsas orqan və sistemləri yaranır, bu da 8-ci həftənin sonuna qədər dövrü əhatə edir. Üçünçü mərhələdə isə xarici görünüşcə insana bənzər bir canlı yaranır ki, bu da 8-ci həftədən doğulana qədərki dövrdür. Bu üç dövr ana bətnində, zülmət içində keçir.
Maraqlıdır ki, aşıq bu mərhələləri şeirin üç bəndində ifadə etmişdir. Xaltanlı Tağının yaşadığı dövrdə tibb sahəsində belə ətraflı bilik əldə etmək mümkün olmasa da “Quran”ın belə müfəssəl və doğru məlumatları onun Allah kəlamı olmasının sübutudur.
Şeirin ikinci hissəsini birinciyə bağlayan bənddən sonra aşıq on bənddə insanın 100 illik həyatını təsvir edir. Bu təsvirdə insanın normal həyat sürməsini, necə yaşamalı olduğunu, səmərəli bir ömrü qələmə alır. On yaşda “Quran”ı öyrənməsini, on səkkızdə mərifətə çatdığını, otuzda hünərli olduğunu, qırx yaşda adı ilə tanındığını, kamilləşdiyini bildirir. 100-ün yarısında bir pillə endiyini söyləyir. 70-də əsaya ehtiyacı olduğunu, 80-də, 90-da dişlərinin töküldüyünü, gözlərinin zəiflədiyini deyir. 90-ı keçəndən sonra insan üçün yaşamaq çətinləşir, 100 yaşında isə ömrü başa vurur, Əzrayılla görüşür.
Şeirdə 20 yaşadək dövrün hər ilinə aid dəyişikliklərin sadalanması da maraqlıdır:
On alti yaşımda sayıldı adım,
On yeddidə bildim qohumum, yadım,
On səkkizdə xeyri, şəri anladım,
Mərifət günündə qabağa gəldim.
20 yaşdan sonrakı illəri isə on-on adlayır. Deməli, insan istər əqli, istərsə də fiziki dəyişiklikləri əsasən 20 ildə tamamlamış olur. Sonrakı 30 ildə cəmiyyətə, insanlığa məxsus keyfiyyətləri qazanan insan 50 yaşa yetəndən sonra qazandıqlarını itirməyə başlayır. “ Yasın” surəsinin 68- ci ayəsində deyilir: “Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. Məgər dərk etməzlərmi?” Yəni uzun ömür verilən insanın cavanlıği alınır, gözünün nuru gedir, hafizəsi zəifləyir, sonda uşaq kimi olur.
Səksən yaşımdasa belim varmadı,
Laxlayıb ağzımda dişim qalmadı.Loo
Doxsana yetəndə gözüm görmədi,
Qapını tapmadım, ocağa gəldim.
Şeirin üçüncü hissəsini ikinci hissəyə bağlayan bənddən sonra aşıq altı bənddə insanın fani dünyadan əbədi dünyaya gedişini təsvir edir. Dəfn olunan insan bir müddətdən sonra unudulur. Günahsız və mömin bir bəndə olan insanın ruhunu mərhəmət məlaikəsi Cənnətə aparır və yenidən bədənə qaytarır. İnkir və Minkir vəfat edən şəxs ruhən təmiz olduğundan onu xoş üzlə sorğu- sual edirlər. Allah dərgahına alnıaçıq gedən insan suallara çəkinmədən cavab verir, qəbr əzabından xilas olur. İnsanın bu dünyadan sonrakı həyatı iki mərhələyə bölünür. Birinci bu aləm kimi sonu olan “ bərzəx” aləmi, ikincisi isə sonu olmayan,əbədi aləm, “ axirət” dünyasıdır.
Dinimizə görə, insanın ruhu bərzəx aləmində bu dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlandırılacaq, yaxud əzab-əziyyətə düçar olacaq. Aşıq isə cənnət meyvəsi ilə mükafatlandığını söyləyir. Şeirin sonrakı bəndində axirət dünyasının başlanmasını təsvir edir. İsrafilin suru çalınır, yer-göy lərzəyə gəlir, qiyamət qopur. Bütün insanlar Ərəfət çölünə yığılır. Burda heç kəs heç kəsi tanıya bilmir, isti havada bir qədər uzağa çəkilir. Ağ aləm dibində meydan qurulur. Rəsul gəlir, onun ümməti başqalarından ayrılır.
Açıldı qapılar, rüxsət verildi,
Sidqimi bağlayıb ol haqqa gəldim.
Cənnətə gedən yol Siratdan, cəhənnəmin üstündənn keçir. Pak imanı, düzgün əməli, açıq ürəyi və təmiz əxlaqı olan insan bu yoldan asanlıqla keçib cənnətə daxil olur.
Haqq məni qurtarsın bu xəcalətdən,
Çıxım bu mahidən, məhrumiyyətdən.
Gördüm cəhənnəmi, keçdim Siratdan,
Tağıyam, cənnətdə qalmağa gəldim.
Aşıq 22 bənddə insana həyatı başa salmağa çalışır. Yaranışını və sonunu dərk edən insanı ona verilən sınaq dövrünü necə yaşamalı olacaqı barədə düşündürür. Son axtarışların nəticəsi olaraq demək olar ki, Xaltanlı Tağı 100 il yaşamayıb. O özünün həyatını deyil, ümumilikdə insanın dünyaya gəlişi, yaşayışı, əbədi dünyaya köçməsi ilə bağlı fikirlərini xalqa çatdırmışdır. “Dünya mənim” deyənlərə dünyanın sahibsiz olmadığını başa salır, öz həyatını cəmiyyətə, insanlığa faydalı etməyi öyrədir. “Quran”ın Rum surəsinin 7-ci ayəsində özünü alim sayan bir qrup insanlar üçün deyilir: “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.”
Azərbaycan aşıq poeziyasında, xüsusilə, sovet illərində yaradılmış müasir vücudnamələrdə aşıqlar daha çox öz həyatları ilə bağlı fikirlərini ifadə etmişlər. Xaltanlı Tağının “Vücudnamə” adlı bu şeirində isə hər bir insana aid ola biləcək bir ömür əks olunmuşdur. Mövzu və məzmun dolğunluğuna görədir ki, Xaltanlı Tağının bu şeiri bəzi tədqiqatçılar tərəfindən “İnsan” poeması da adlandırılır.
Xaltanlı Tağının “Vücudnamə”si quruluşu baxımından da diqqəti cəlb edir. Şeirdə bətn aləmini, fani aləmi və baqi aləmi təsvir edən bəndlərin sayı onların dövrü, mərhələsi ilə uyğun gəlir. Üç mərhələdən ibarət bətn dövrü üç bənd, 100 illik insan ömrü on bənd, qiyamətə qədərki dövr altı bənddə ifadə olunmuşdur. Bu hissələri bir-biri ilə əlaqələndirən bəndləri də nəzərə alsaq belə bir düzülüş yaranır: 1+3+1+10+1+6
Diqqət etsəniz, 3, 7, 40 rəqəmlərinə istinad edilməsi təsadüf sayıla bilməz. Tağı kimi təhsilli şəxsin bu rəqəmlərdən istifadəsi dinləyicisinə, oxucusuna nəsə deyir. Yəqin ki, hikməti söyləyən qədər başa düşmək üçün gərək o səviyyədə düşüncə, bilik sahibi olasan, əks halda hər kəs öz səviyyəsinə uyğun şərh edəcək. Necə ki, mənim kimi...