
Şəmil SADİQ
Şərq təfəkküründə yüz ildir, yenilik ifadəsi, adətən, bütün ehkamları, formalaşmış ənənələri dağıtmaq kimi qəbul edilir. Professor Vaqif Yusiflinin də dediyi kimi:"Belə çıxır ki, postmodernizmdə hər şeyin üzərindən xətt çəkilir, bütün köhnələr dekonstruksiya nəticəsində əvvəlki görkəmində yox, tamam başqa yöndəmdə nəzərə çarpır. Postmodernist "oyunda" həqiqət yoxdur, amma inandırıcılıq da mövcuddur, hadisələr elə nəql edilməlidir ki, "görünməzlər" tarixi həqiqət kimi qəbul edilsin".
Postmodernizm anlayışının bu cür tanıtımı, əlbəttə, oxucunun heysiyyatı ilə oynamaq və sahib olduqlarına ironiya ilə yanaşmaq onda qıcıq doğurub, məhz bu adla çıxış edən yazıçıları və onların əsərlərini də qeyri-ciddi hesab etməyə gətirib-çıxarıb. Halbuki keçmişə fərqli, amma müsbət anlamda da baxmaq mümkündür: bunu da postmodern baxış adlandırmaq olar. Necə kiModernday Dictionary of Received İdeasadlı lüğətdə deyilir:"Bu sözcüğü kullananlar ona istedikleri gibi anlam vermekdedirler".
Azərbaycan postmodern romançılığında İsa Muğannanın, Anarın, Kamal Abdullanın, Orxan Fikrətoğlunun, İlqar Fəhminin, Həmid Herisçinin, Pərviz Cəbrayılın, Aydın Talıbzadənin, Xanəmirin, Şəmil Sadiqin adlarını qeyd etmək olar.
Kamal Abdulla, həm də həyatı və yaradıcılığı baxımından iki müxtəlif dünya yaşayan İsa Muğanna "Kitabi-Dədə Qorqud"a ənənəvi düşüncədən fərqli yanaşıblar. Kamal Abdulladan fərqli olaraq İsa Muğanna "İdeal" və "Qəbiristan" romanlarının mövzusunu birbaşa olaraq "Kitabi-Dədə Qorqud"dan almayıb. Dastanın əslinin gizlədildiyi düşüncəsində olan Muğanna hər iki əsərində dastan haqqında bir türkün qəbul edə bilməyəcəyi fikirlər səsləndirib. Kamal Abdulla isə "Yarımçıq əlyazma" əsərində İsa Muğannadan fərqli olaraq, ümumiyyətlə, dastanın görünən qatını şübhə altına alıb. Məhz buna görə bu yazıda türk yazıçı və araşdırmaçı İrfan Ülkünün İsa Muğannanı"Azərbaycanın Folkneri" Kamal Abdullanı isə "Azərbaycanın Umberto Ekosu"adlandırdığı əsərləri üzərində quracaq, dastana qarşı bu fərqli münasibətin səbəblərini, yozumların mahiyyətini araşdırmağa çalışacağıq.
İsa Muğannaya görə, əlimizdə olan"Kitabi-Dədə Qorqud" dastanı bizim deyilmiş. Vatikanda yazılıb, izi azdırmaqdan ötrü Drezdenə göndərilib, nə qədər mümkündü, yayılıb ki, həqiqi tariximizi – Bağdayımızı, Bağlarımızı unudaq..."
Kamal Abdulla isə "Yarımçıq əlyazma"da kitabxanadan tapılmış daha bir qədim əlyazmanın, əslində, "Kitabi-Dədə Qorqud" dastanının bizə məlum olmayan batini kimi təqdim edir. O batin ki bütün türk dünyasının bilici, müdrik, ağsaqqal kimi qəbul etdiyi Dədə Qorqudu xanın katibi və dedi-qodularla məşğul şəxs kimi göstərib, Beyrək kimi üzü niqablı bir ər Təpəgözün qorxusundan qaçıb kafirə sığınıb, dillərdə dastan olan Beyrək və Banuçiçək sevgisi yalantək qələmə verilib, Beyrək kafir qızları ilə əylənib Banuçiçəyi aldadıb. Salur Qazan kimi tanıdığımız el qəhrəmanı Oğuzu ikiyə bölən məkrli adam, Burla xatun kimi müqəddəsləşdirilmiş qadın obrazı öz ilk sevgisinə görə atasının xanimanından istifadə edərək Qazan xanı öz oyunlarına qurban edən qadın kimi işlənib. İsa Muğanna, "Kitabi-Dədə Qorqud" bizə təhrif edilərək təqdim edilib" – deyərkən mətnin əslinin əlimizdə olandan daha mükəmməl olduğunu, türk tarixinin simvollarını, gizlin şifrələrini özündə daşıdığını vurğuladığı halda Kamal Abdulla əlimizdə olan mətnin, əslində, pafoslu olduğunu, bu pafosun yalançı qəhrəmanlıq yaratdığı qənaətinə gəlir və oxucuya ruh düşkünlüyü yaradan bədii mətn təqdim edir. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bu mövzuda həssaslığını gizlədə bilməyib və müxtəlif zamanlarda hər iki yazıçıya da təqribən eyni sərt münasibəti göstərib. O, İsa Muğannanın səksən illik yubileyi münasibəti ilə 2008-ci ildə ədəbiyyat qəzetində yazdığı yubiley məqaləsində qeyd edir,"İdeal"da "Kitabi-Dədə Qorqud" haqqında verilən hökmlər də ədalətsizdir. İsanı nə qədər çox sevsəm də, Dədə Qorqudu ondan da çox sevirəm.Kamal Abdullanın "Yarımçıq əlyazma"sı ilə əlaqədar isə bunları ifadə edir: "Çağdaş edebiyatımızın değerli bir numunesi olarak kabul ediyorum ve Dede Korkut çalışmalarında başarılar diliyorum ama Dede Korkut ve Beyrek için biraz olsun insaflı davran!"
Göründüyü kimi, hər iki ədib dolayısı ilə "Kitabi-Dədə Qorqud" dastanının əlimizdə olan variantlarının təhrif edilmiş olduğunu söyləyir. Əlbəttə, hər iki əsərin tarixi yox, məhz bədii mətn olduğunu anlayırıq. Bədii mətn isə yazıçının birbaşa da olmasa, öz qənaəti, görmək istədiklərinin yeni yozumda təqdimatıdır. Nəzərə alsaq ki, bu gün bədii əsərin oxucuda buraxdığı təsirlər tarixi əsərlərdən daha dərindir, demək, postmodernizmin ən böyük silahı olan inandırmaq bacarıqları istənilən oxucunu təbəddülata salmaya bilməz.
Əgər İsa Muğanna Qazanı elmsiz adlandırıb SafAğdan, işıqdan uzaq düşdüyünü deyirdisə, Kamal Abdulla ona qarşı daha sərt yanaşaraq bir növ "nakişi" adlandırmışdı. Hər iki məqam postmodern düşüncənin məhsuludur, hər iki münasibət yeni yanaşmadır. Lakin İsa Muğanna bu durumu birliyin pozulmasının günahkarı kimi qiymətləndirdiyi halda Kamal Abdulla Qazan xanı az qala "biqeyrət" kimi təqdim etmişdi. O da həqiqətdir ki, birliyi pozmaq da qeyrətsizlikdir. Həmin cümlənin sonunda Muğanna yazır:"Qıpçaq"ları "Oğuz bəyləri"nə düşmən qələmə verən "kitab" ifşa olunmayınca Odu əvəzində "at"ı, BağBağÜnü əvəzində "papağı"ynan öyünən "kişi qeyrəti" verib patriarxal bataqlığa sürüyəcəklər bədbəxt xalqımızı!
Daxilimizdədi bu bataqlığa sürüyənlər, institutlarda, mədəniyyət ocaqlarındadırlar!
Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, oğul!"
Nəzərinizə çatdırım ki, İsa Muğanna son əsərlərini yazarkən iddia edirdi ki, o Ün eşidir və sonra eşitdiklərini köçürür. Onun fikrincə, Bağ "Tanrı" deməkdir."Ruscadakı Boq – Tanrı sözünün ilkin variantı məhz Bağ olub".Bağ, maq, muğ sözlərini bir-biri ilə əlaqələndirərək yeni etimologiya təqdim edirdi.
Əsərin qəhrəmanı Səmi xəyalən ölmüş atası ilə söhbətləşir, atası ona deyir:
– Birinci başla "Dədə Qorqud"dan. "Salur Qazanın evinin yağmalanması"ndan. Niyə? Çünki xalqın tarixi məhz o dastanda dəfn olunub. Təhqirlər kitabıdı "Dədə Qorqud"...
Səminin ağzı açıq qaldı:
– Ata!.. Ata, sən nə danışırsan?! Salur Qazan?! Burla Xatun?! Beyrək?! Qaraca Çoban?! O biri boylar!.. Dəli Domrul təki qeyri-adi igidlik rəmzi! Necə yəni təhqir?
Səməd birdən-birə başdan-ayağa titrədi.
– Budur, bax, məhv olan xalqın məhv olan oğlu Səmi Səməd oğlu Əmirli. Domrul "domara" deməkdi! "Qozbel" deməkdi! Əzrayılla – əfsanə ilə döyüşməyi!.. Təkcə "Yağmalanmaya" görə nə qədər işgəncə çəkirik biz?!"
"Yarımçıq əlyazma"nı da oxuyanda Səmədin oğlu kimi bizim də ağzımız açıq qalır, ideoloji qəhrəmanlarımızın gözdən düşmüş vəziyyətinə görə heyrətlənirik. Məhz bu baxımdan tədqiqatçılar postmodernizmin keçmişə bu cür qəddarcasına hücumuna razılaşa bilmirlər. Burda sanki əsərdə reallığı, yəni bizi təmsil edən Səmi atasına deyir ki:"Ata, bu dastan xalqın qəlbindədir".
İstər İsa Muğanna, istərsə də Kamal Abdulla dastandakı obrazlara öz yozumları ilə yanaşıblar.
İsa Muğannadan hardasa on il sonra "Yarımçıq əlyazma"nı yazan Kamal Abdulla isə yazır:"Beyrək hiylə edir, ad qazanır, Qazanın inağı olur, bu yana da Təkgözün üstünə savaşa getməməkdən ötəri Bayburd əsirliyini intixab edir. Ancaq və ancaq böylə olmuşdur. Heç kim bilməsə də, mən bunu səhih bilirəm. Bayburdun adamı mənə bunu dedi. Bu yana da bu casus… Nə edəlim?!"
Hər iki yazıçının da Beyrək kimi qəhrəmana bu cür münasibəti, əlbəttə, şübhə doğurmaya bilmir. Kamal Abdulla İsa Muğannanı yaxşı tanıyır və əminəm ki, əsərləri ilə yaxından tanışdır. İsa Muğanna sadəcə yazıçı olduğu halda akademik Kamal Abdulla həm də "Kitabi-Dədə Qorqud" dastanının tədqiqatçısı və hamisi kimi çıxış edir. Dəyərli elmi əsəri olan "Gizli Dədə Qorqud" da bunun bariz nümunəsidir. Amma heç cür anlamaq olmur ki, Beyrəyin dastandakı hansı hərəkəti və ya əməli bu qənaətə gəlməyə əsas verib. İsa Muğanna sadəcə ad simvolikası üzərindən türk dünyasının elmindən – SafAğdan – İrfandan uzaqlaşmasını, dilini unudaraq milli təfəkkürünə yad olmasını deyirsə, dəyərli yazıçımız Kamal Abdulla birbaşa dastanın mətnində çox inandırıcı manevrlər edir.
"Qəbiristan"da dastandakı adların yozumu verildikdən sonra Səməd uca səslə deyir:"Türk, OdƏr, hər yanda qəbir qazılır sənə! "İrak" yazdıqları ƏrAğı Asoru "Ərəb"lərinə vermişdilər, ƏrÜz vilayətini "pars"lara vermişdilər. Ərim – "Türkiyə" ərazisindən OdƏrlərimizin hamısı tərik düşüb şimala, indiki Türkmənistan, Qazaxıstan, Özbəkistan ərazilərinə köçmüşdülər. Oralara bilirsən, "Qalam" deyiblər o vaxt. Yəni xalq ŞumƏrləri ilə birlikdə orda məskunlaşmaq fikrinə düşübmüş. Həmin o vaxtlar Rimin qreklatınları OdEvi – "Kiyev"i tutublar, oxumusan, bilirsən ki, xalqımızın o tərəflərdəki seyrək qisminə təhrif Skandinaviya dillərində qat-qarışıq "Svitka" – "Bibliya"dan dərs keçməyə başlayıblar".
Mənə görə, türk xalqlarının qəhrəmanlıq dastanı olaraq obrazların milli təfəkkürümüzdə buraxdığı izlər, gəncliyin mənfisi ilə, müsbəti ilə örnək götürməsi lazım gələn prototiplər olan şah əsərimiz "Kitabi-Dədə Qorqud" dastanına nə ustad sənətkar İsa Muğanna kimi şifrəli, mistik, magik yozumlarla yanaşıb qəlbimizə şübhə toxumu salmaq, nə də bu gün dünyaca məşhur yeganə yazıçımız Kamal Abdulla kimi Dədə Qorqud da başda olmaqla Bayandır xana, Qazan xana, Beyrəyə, Burla xatuna qarşı ikrah hissi aşılayacaq bir ideya ilə çıxış etmək təqdir ediləndir. Düzdür, İsa Muğannanın həm "İdeal"ının, həm də "Qəbiristan"ının ümumi ideyası türk tarixinin Vatikan, ruslar, farslar tərəfindən gizlədildiyi ideyasını irəli sürür, türkü dünyanın xilaskarı kimi təqdim edir, bu xilaskar mövqenin ortaya çıxması üçün türkə elmli, bilgili olmağı tövsiyə edir. Hüseyn Cavidin Turana vacib olan nəsnəni mədəniyyətdə gördüyü kimi, Muğanna da elmdə, SafAğ, Tanrı elmində görürdü. Bu prizmadan baxanda hardasa onun Dədə Qorquda yanaşması o qədər də narahatlıq doğurmur, lakin "Yarımçıq əlyazma"nın ümumi ideyasına varanda bir nəfər də olsun, dürüst, əxlaqlı, qəhrəman, mərd Oğuz övladı görmürük. Və bu gün düşdüyümüz bəlaların səbəbi kimi bizim elə məhz o cür, romanın qəhrəmanlarının xarakterində olmağımız göstərilir. Bəzi tədqiqatçılar bu romanda tarix axtarmağı, "Kitabi-Dədə Qorqud" dastanı ilə müqayisə etməyi ədəbiyyata xas olmayan bir metod kimi qələmə verirlər. Lap tutalım ki, elədir. Və dastanın bütün obrazları, ideyası, məzmunu müəllifin təxəyyülünün məhsuludur, nə tarixlə, nə də qədim bir dastanla əlaqəsi var. Amma bunu danmayaq ki, dastan türk xalqının həyatındandır. Yenə də sual doğurur, doğrudanmı Oğuzda dürüst bir kişi, əxlaqlı bir qadın olmayıb? "Yarımçıq əlyazma"da bir işıq yoxdur, oxucu əsəri bitirəndən sonra özünü zülmətdə hiss edir, hara gedəcəyini bilmir. Düşünürük ki, ədəbiyyatın ilk işi millətə, bəşəriyyətə xidmət etməkdir. Əgər ədəbiyyat, ədəbi mətn bir xalqın qutsallarına postmodern başlığı altında zərbə vuracaqsa, kimliyini əlindən alacaqsa, inancları yerlə-yeksan edəcəksə, demək ki, sadəcə zərərli bir hadisədir! Doğuracağı fəsadları aradan qaldırmaq çox çətin olacaq.