Azərbaycanlı muzdlu döyüşçünün SENSASİON HEKAYƏSİ – Bakıda BU QƏDƏR cəza aldı


O, həbsdən cəbhəyə, cəbhədən həbsə qaytarılıb. 6 ay döyüşməyə görə yaxşı əmək haqqı, vətəndaşlıq və medallar vəd olunub. Medalları, üstündə böyük məbləğləri veriblər, vətəndaşlığa isə qəbul etməyiblər. Ölkəyə qayıdıb və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Xarici ölkədə qanunsuz silahlı birləşmənin tərkibində döyüşməkdə təqsirləndirilən 34 yaşlı Azərbaycan vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib.

Turkustan.az xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Söhbət Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutdan qayıtdıqdan sonra Azərbaycanda mühakimə olunan Həsən Məmmədovdan (ad, soyad şərtidir) gedir. İttihama görə, təqsirləndirilən şəxs 2022-ci ildə Rusiyada cəza çəkdiyi müddətdə müharibəyə cəlb olunub. Ona seçim təklif edilib – ya cəzaçəkmə müəssisəsində qalmaq, ya da döyüş əməliyyatlarında iştirak etmək.

Məhkumlara təklif edilən şərtlər belə olub: 6 ay müddətində döyüş əməliyyatlarında iştirak etməli, bunun müqabilində aylıq yüksək məbləğdə əməkhaqqı almalı, cəzaçəkmədən azad edilməli, Rusiya vətəndaşlığı ilə təmin olunmalı və müxtəlif medallarla təltif edilməli idilər. Bu təkliflə razılaşan şəxs Rusiyadan Ukraynaya aparılıb və qısa müddətli hazırlıqdan sonra döyüşlərə cəlb olunub. Məhkəmə materiallarından məlum olub ki, o, Donetsk vilayətinin Baxmut şəhərində döyüşlərdə iştirak edib. Kəşfiyyat bölməsində qumbaraatan kimi fəaliyyət göstərib. Döyüşçülərə təhlükəsizlik məqsədilə real adlarla müraciət edilmədiyindən ona “Telbes” çağırış adı verilib. O, Ukrayna hərbçiləri ilə birbaşa döyüşlərdə iştirak etdiyini etiraf edib.

Döyüş zamanı ağır yaralanan təqsirləndirilən şəxs Rusiyanın Anapa şəhərində yerləşən hospitalda bir neçə ay müalicə alıb. Müalicə dövründə ona vəd edilən pul vəsaiti təqdim olunub, həmçinin, müxtəlif medallarla təltif edilib. Lakin əsas gözləntisi olan Rusiya vətəndaşlığı verilməyib. Sonradan o, miqrasiya orqanları tərəfindən saxlanılıb və 2024-cü ildə Azərbaycana deportasiya olunub. İş materiallarına əsasən, təqsirləndirilən şəxs Azərbaycana qayıtdıqdan sonra da Rusiyaya geri dönmək üçün müxtəlif şəxslərlə əlaqə saxlayıb. O, yenidən döyüşlərdə iştirak etməyə hazır olduğunu bildirsə də, əsas məqsədinin vətəndaşlıq almaq olduğunu deyib. Bu cəhdlər nəticəsiz qalıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, döyüşlərdə iştirak etməsinin əsas səbəbi azadlığa çıxmaq olub. Onun sözlərinə görə, mülki şəxslərə qarşı zor tətbiq etməyib və yalnız hərbi əməliyyatlarda iştirak edib. Sübutlar arasında mobil telefon yazışmaları, döyüşdə iştirakını təsdiqləyən məlumatlar, tibbi ekspertiza rəyləri və digər sənədlər yer alıb. Ekspertiza nəticələri onun bədənində döyüş zamanı aldığı qəlpə yaralarının izlərini təsdiqləyib.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak edib. Bu əməl həm Azərbaycan, həm də törədildiyi ölkənin qanunlarına görə cinayət hesab olunur. Onun əməli ağır cinayətlər kateqoriyasına aid edilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cəza təyin edilərkən onun əməlini etiraf etməsi, peşmanlıq hissi keçirməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.

Bu hadisə göstərir ki, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak Azərbaycan vətəndaşlarını ölkəyə qayıtdıqdan sonra hüquqi məsuliyyətdən azad etmir. Müxtəlif vədlərlə cəlb olunan şəxslər son nəticədə həm hüquqi, həm də şəxsi baxımdan ciddi nəticələrlə üzləşirlər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ