Ağ Ev mənbələrinin məlumatına görə, ABŞ və İran arasında danışıqlar kritik mərhələyə çatıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, tərəflər müharibəyə son qoymaq və hərtərəfli nüvə danışıqlarına yol açmaq məqsədi daşıyan 14 maddəlik anlaşma memorandumu üzərində razılığa gəlməyə yaxındırlar. İranın razılaşmadakı kritik məqamlara cavabı yaxın 48 saat ərzində gözlənilir.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşner ilə İran rəsmiləri arasında birbaşa və vasitəçiliklə aparılan danışıqlarda razılığa gəlinərsə, müharibə rəsmi olaraq başa çatacaq. Razılaşma həmçinin Hörmüz boğazının dəniz nəqliyyatı üçün yenidən açılması və sanksiyaların ləğvi üçün 30 günlük hərtərəfli danışıqlar prosesinə başlayacaq.
Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlara yaxın mənbələr də tərəflərin İranla müharibəyə son qoymağı hədəfləyən bir səhifəlik anlaşma memorandumu üzərində razılığa gəlməyə yaxın olduqlarını təsdiqləyiblər.
Reuters agentliyinin ABŞ-da yerləşən CNBC kanalına istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Biz Vaşinqtonun 14 maddəlik sülh təklifini qiymətləndiririk".
Aytən Yaşar/ Turkustan.az