Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi Minskə qarşı ağır ittihamlar səsləndirib.
Turkustan.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, spiker Belarusu 44 günlük müharibədə Azərbaycana birbaşa kömək etməkdə günahlandırıb.
Jurnalistlərə açıqlama verən Simonyan Belarusun Ermənistana qarşı "notası"na kəskin reaksiya verib. O bildirib ki, Minsk İrəvana hörmətsizlik edir: "Münasibətlərin pisləşməsinin səbəbi Belarusun Azərbaycanla birlikdə 44 günlük müharibəyə hazırlaşması və digər qaranlıq məqamlardır".
Simonyan həmçinin Belarusun idarəçilik modelini hədəf alıb. O, Ermənistanın müstəqilliyini qoruyacağını və heç bir ölkənin siyasi asılılığına düşməyəcəyini vurğulayıb: “Biz demokratik yol seçmişik. Belarusun idarəetmə nümunəsi həm mənim, həm də ölkəm üçün qəbulolunmazdır. Biz quberniyaya çevrilməyəcəyik!”
Sualların kəskinliyindən əsəbiləşən spiker, diplomatik etikadan uzaq çıxışlarına belə bəraət qazandırıb: "Xarakterim belədir. Parlamentdəyəm, diplomatlar kimi sözlərimi seçmək məcburiyyətində deyiləm".
O, Belarusdan gələn etiraz notası barədə isə yalnız mediadan məlumatı olduğunu deyərək mövzunu qapatmağa çalışıb./publika.az