ABŞ mediası xəbər verir ki, ABŞ müharibəyə son qoymaq və daha geniş nüvə danışıqlarına başlamaq məqsədilə İranla 14 maddəlik anlaşma memorandumu imzalamağa yaxındır.
Turkustan.az xəbər verir ki, Axios-un ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, hazırkı formada memorandum regionda müharibənin dayandırılması, Hörmüz boğazı üzərindən keçidin bərpası, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının ləğvi ilə bağlı daha əhatəli razılaşmaya başlamaq üçün 30 günlük danışıqlar müddətini nəzərdə tutur.
ABŞ prezidenti Donald Tramp son açıqlamasında bildirib ki, İran razılaşdırılmış şərtlərlə bağlı güzəştə getsə, “Epik Qəzəb” adlandırılan mərhələ başa çatacaq və tətbiq olunan blokada aradan qaldırılaraq boğazın – İran da daxil olmaqla – hər kəs üçün açıq qalması təmin ediləcək.
Tramp əlavə edib ki, əgər razılaşma əldə olunmasa, hərbi əməliyyatlar daha yüksək intensivliklə davam etdirilə bilər.
Aytən Yaşar/ Turkustan.az