Azərbaycanda onlayn kazinolara görə banklara sərt tələblər qoyulacaq?


Azərbaycanda onlayn qumar oyunlarına alüdə olaraq külli miqdarda borclanan vətəndaşların sayı sürətlə artır. Onlayn qumarda bütün pullarını uduzan, borclanan insanlar bir çox hallarda çıxış yolu kimi hətta intihara da əl atırlar. Yaxud belə borclar üzündən ailələr dağılır, uzunmüddətli kreditlərin altında əzilir.

Turkustan.az xəbər verir ki, bir çox ölkələrdə onlayn qumar qadağan olunmaqla banklara belə oyunlar üçün ödənişlərin aparılmaması tələbi qoyulur.

Məsələn, Rusiyada bunu edən banklar böyük həcmdə sanksiya ilə üzləşir, vəzifəli şəxsləri həbs olunur, Özbəkistanda isə onlayn qumar oyunlarının hesabına ödəniş əməliyyatına imkan yaradan bankın hətta fəaliyyəti dayandırılır.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Taleh Kazımovun Musavat.com-a dediyinə görə, ölkəmizdə onlayn kazinoların hesablarına ödəniş etmək mümkün deyil:

“Qanunvericiliklə onlayn kazinoların rəsmi hesabları ilə əməliyyatlar qadağan olunub. Amma qeyri-rəsmi hesablara ödənişləri banklar daxili qaydalarla tənzimləyirlər. Rəsmi onlayn kazinoların öz hesab kodları olur, o kodlar Azərbaycanda bağlıdır. Lakin bəzi sistemlər, onlayn kazinolar var ki, məsələn, aptekin kodu ilə işləyir. Adı aptek gedir, amma arxasında onlayn kazino dayanır. Bank gördüyü əsasında ayrı-ayrı hesablar üzrə analiz aparmaqla hansı hesabın vergidən yayınmaq üçün istifadə olunduğunu, hansında çirkli pullar yuyulduğunu, hansının onlayn qumarla məşğul olduğunu özü müəyyən etməli və əlaqədar qurumlara məlumat verməlidir. Bu, çox mürəkkəb texniki prosesdir. Biz bu sahədə tələbləri sərtləşdirə bilərik, lakin nə qədər sərt yanaşsaq, maliyyə xidmətlərinin istifadəçilərini bir o qədər bu sahədən bezdirə bilərik. Yəni yoxlamalara adi vətəndaşlar, sahibkarlar da məruz qala, araşdırmalarla üzləşə bilərlər. Bu isə banklara olan münasibəti pisləşdirəcək”.

Baş bankirin dediyinə əsasən, bu məsələdə başqa bir sual budur ki, niyə ölkədə rəsmi qeydiyyatdan keçmiş mərc oyunu təşklatçısı olduğu halda vətəndaşlar tanımadıqları, bilmədikləri onlayn kazino təşkilatçılarına üz tuturlar:

“Biz bu suallara cavab verməli, daha sonra qərar verməliyik ki, banklara tələbləri sərtləşdirək, yoxsa yox”.


MANŞET XƏBƏRLƏRİ