Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsində yaranan ciddi fərq İrəvanın Bakıdan iqtisadi və enerji asılılığını gücləndirə bilər.
Turkustan.az xəbər verir ki, erməni siyasi analitik Suren Surenyants Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına istinad edərək iki ölkə arasındakı ticarət göstəricilərini müqayisə edib.
Onun təqdim etdiyi rəqəmlərə əsasən, 2026-cı ilin ilk doqquz ayında Ermənistandan Azərbaycana ixrac cəmi 95,5 min dollar təşkil edib. Azərbaycandan Ermənistana ixrac isə təxminən 23,45 milyon dollara çatıb.
Surenyantsın hesablamasına görə, Azərbaycanın Ermənistana ixracı əks istiqamətdəki ixracdan təxminən 246 dəfə çox olub.
Surenyants bildirib ki, Azərbaycandan Ermənistana əsasən neft məhsulları, o cümlədən dizel yanacağı və benzin göndərilir.
Erməni analitikin fikrincə, ticarətin bu strukturu Ermənistanın Azərbaycandan enerji asılılığının formalaşmasına şərait yaradır.
“Birtərəfli asılılıq əlavə iqtisadi və siyasi təzyiq alətinə çevrilə bilər”, – deyə Surenyants xəbərdarlıq edib.
Analitik Ermənistan hakimiyyətinin yanaşmasını da tənqid edib. Onun sözlərinə görə, İrəvan rəhbərliyi Azərbaycanla ticarət əlaqələrinin bərpasını piar kampaniyasına çevirir, lakin bunun uzunmüddətli iqtisadi və siyasi risklərini nəzərə almır. /Musavat.com/