Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə keçirilən “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii tədbir milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin və Xaçmaz şəhər M. Babayev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlmişdir.
Muzeyin direktoru Pakizə Mehdiyeva qonaqları salamlayaraq silsilə şəkildə təşkil olunan yubiley tədbirinin məramı haqqında məlumat verdi. Daha sonra şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə qonaqlara əvvəlcə Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, onun Azərbaycan poeziyasına bəxş etdiyi yeniliklərdən bəhs edilmişdir.
Məktəblilər qeyd etmişlər ki, şairin əsərləri yalnız bədii dəyəri ilə deyil, həm də yüksək vətənpərvərlik ruhu ilə seçilir və bu gün də aktuallığını qoruyur.
Tədbirin bədii hissəsi daha yaddaqalan olmuşdur. Şagirdlər Səməd Vurğunun müxtəlif şeirlərini böyük həvəslə səsləndirmiş, onların ifasında vətənə sevgi və milli ruh aydın şəkildə hiss olunmuşdur. Xüsusilə “Azərbaycan” şeirinin ifadəli təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Bununla yanaşı, Vaqif əsərindən hazırlanmış səhnəcik şagirdlərin aktyorluq bacarığını nümayiş etdirmiş, tədbirə xüsusi rəng qatmışdır. “Ana” kimi əsərlər də böyük maraqla qarşılanmışdır. “El bilir ki, sən mənimsən” misraları isə tədbirin əsas ideya xəttini təşkil edərək tamaşaçılarda dərin emosional təsir yaratmışdır.
Tədbirdə Xaçmaz ədəbi mühitinə öz töhfəsini verən şairlər də iştirak edirdilər. Onlar Azərbaycan çağdaş ədəbiyyatında mühüm rol oynayan Səməd Vurğun haqqında fikirlərini bölüşdülər.
Vurğulanmışdır ki, Səməd Vurğunun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir və onun əsərləri gənc nəslin mənəvi tərbiyəsində əvəzsiz rol oynayır. Tədbir iştirakçıları şairin irsinin daim yaşadılmasının vacibliyini qeyd etmişlər.
Belə qənaətə gəlinmişdir ki, “El bilir ki, sən mənimsən” adlı bu cür tədbirlər milli ədəbiyyatımıza olan marağın artırılmasına, gənclərin ədəbi zövqünün formalaşmasına və vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir.
Sonda rayon komitəsinin sədri Qərib Umudov məktəbliləri kiçik hədiyyələrlə təltif etmiş, M. Babayev adına Xaçmaz şəhər tam orta məktəbin direktoru tərəfindən imzalanmış diplomlar şagirdlərə təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.
Gülxar Rəhimli, AJB-nin üzvü









