Bu gün Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür


Bu gün, 25 aprel Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində silinməz iz qoymuş, igidliyi ilə yaddaşlara həkk olunmmuş Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür.

1969-cu ildə Bakı şəhərində dünyaya göz açan Albert Aqarunov sadə bir ailədə böyüyüb. O, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində təhsil alaraq sürücü-mexanik ixtisasına yiyələnib. Gənc yaşlarından texnikaya olan marağı onun gələcəkdə tank komandiri kimi parlamasının əsasını qoyub.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidmətini Gürcüstanda keçib və burada tank komandiri kimi formalaşıb. Ordu sıralarında qazandığı təcrübə, döyüş hazırlığı və cəsarəti sonradan Vətən müharibəsində onun ən böyük silahına çevrildi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda, Suraxanı Maşınqayırma Zavodunda işləməyə başlayıb. Lakin tarix onun üçün başqa bir yol hazırlamışdı.

Azərbaycan torpaqları işğal olunan zaman Albert tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollanıb. O, yenidən tank komandiri kimi ön xəttə – Şuşa istiqamətinə göndərilib. Xankəndi, Daşaltı, Cəmilli kimi strateji ərazilərdə gedən döyüşlərdə onun adı qorxmazlıq simvoluna çevrilib. Düşmənin canlı qüvvəsinə və zirehli texnikasına ağır zərbələr endirən Albert Aqarunov qısa müddətdə əfsanəyə çevrilmişdi.

1992-ci il mayın 8-i Şuşa döyüşü zamanı səhər tezdən düşmən tankları hücuma keçən zaman Albert Aqarunov döyüş mövqeyindən geri çəkilmir. O, yaxın məsafədən açdığı dəqiq atəşlə düşmənin iki tankını məhv edir.

Lakin taleyin amansız hökmü onu döyüş meydanında yaxalayır. Məhv etdiyi düşmən texnikasına baxmaq üçün qısa anlıq başını qaldıran qəhrəman snayper gülləsinə tuş gəlir və elə döyüş meydanında qəhrəmancasına şəhid olur.

Albert Aqarunov Qarabağ müharibəsinin simvol fiqurlarından birinə çevrilib. Hətta döyüş yoldaşları və əsgərlər onun şərəfinə tanklarını “Albert” adlandırırdılar. Düşmən isə onun qorxusundan başına mükafat qoymuşdu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Albert Aqarunov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanımız Şəhidlər Xiyabanında dəfn edilib.

Təhsil aldığı 154 saylı məktəb bu gün onun adını daşıyır. Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub, məktəbin qarşısında büstü ucaldılıb. 2019-cu ildə isə Bakının Nərimanov rayonunda möhtəşəm heykəli ucaldılaraq onun adı bir daha əbədiləşdirilib./musavat.com


MANŞET XƏBƏRLƏRİ