Ermənistanın keçmiş prezidenti Robert Köçəryan podkastda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti etdiyini deyib.
Turkustan.az xəbər verir ki, Köçəryan Putinlə söhbətinin detallarını açıqlamasa da, Ermənistan mediası müəyyən məlumatlar öyrənə bilib.
“Hraparak” nəşrinin əldə etdiyi məlumata görə, söhbət zamanı Köçəryan siyasi fəaliyyətlərindəki uğursuzluqlarının məsuliyyətini başqalarının üzərinə atmağa çalışıb: “Köçəryan bildirib ki, Serj Sarkisyan ona hücum etməsəydi və Samvel Karapetyan meydana çıxmasaydı, uğurlara nail ola bilərdi. Daha sonra o, yeni yaradılmış “Güclü Ermənistan” partiyasının səhvlərə yol verdiyini, bütün müxalifətin bundan əziyyət çəkdiyini və buna görə seçkidə qalib gəlməyin çətin olacağını deyib”.
Nəşr qeyd edib ki, Köçəryan Putindən Viktor Soqomonyanın Rusiya Erməniləri İttifaqının sədri təyin edilməsini də xahiş edib: “Bunu belə əsaslandırıb ki, Ara Abramyan Karapetyana qarşı mənfi münasibət bəsləyir, buna görə də seçki prosesində müxalifətə maneələr yarada bilər. O, Soqomonyanın “Güclü Ermənistan”ın mümkün qədər çox səs toplaması üçün əlindən gələni edəcəyinə əmin olduğunu bildirib”.
Məlumata görə, Köçəryanın xahişindən sonra Putin telefonu yerə qoymadan xüsusi xidmət orqanlarına Viktor Soqomonyanın yoxlanılması tapşırığını verib və bildirib ki, son qərarın nəticəsi yoxlanışdan asılı olacaq.
“Mənbələrimiz bildirir ki, Ara Abramyan artıq Putinlə təmas qurmağa vasitəçi tapa bilmir və Rusiya Erməniləri İttifaqını itirdiyi ilə barışıb. Lakin Rusiyada bu cür proseslərin uzun çəkdiyini nəzərə alaraq, seçkilərə qədər toxunulmayacağını düşünür. Əgər Paşinyan seçkilərdə qalib gələrsə, vəziyyət dəyişəcək və onu (Abramyanı-red) unudacaqlar. Əvəzində erməni iş adamlarının əmlakının ələ keçirilməsi, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin dayandırılması kimi ciddi məsələlər gündəmdə olacaq”, - nəşr yazır./publika.az