Suriya Prezidenti Əhməd Şara Türkiyə ilə münasibətlərə dair bildirib ki, “Suriya–Türkiyə tərəfdaşlığı regional və qlobal təhlükəsizliyin gələcəyi üçün üzərində çox şey qurula biləcək möhkəm təməldir”.
Turkustan.az xəbər verir ki, Əhməd Şara 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək məqsədilə Antalyaya səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırıb.
Müsahibə zamanı Suriya–Türkiyə münasibətlərinin inkişaf perspektivləri və strateji əməkdaşlıq imkanları, ABŞ və İsrailin İrana hücumlarının regional və qlobal təsirləri, Suriyanın strateji əhəmiyyəti, ölkənin şimal-şərq bölgələrinin inteqrasiyası ilə bağlı son vəziyyət, İsrailin hücumları və Suriya ərazilərinin işğalı, Dəməşq ilə Təl-Əviv arasında münasibətlər, eləcə də Suriya–Ukrayna əlaqələri müzakirə olunub.
"Suriya ilə Türkiyənin uzunmüddətli tarixi və coğrafi əlaqələri var. Köhnə rejim dövründə Suriya regiondan və beynəlxalq ictimaiyyətdən təcrid olunmuşdu. Suriyanın köhnə rejimdən azad edilməsi Suriyaya regional və beynəlxalq münasibətlərini yenidən qurmaq üçün bir fürsət yaratdı. Bu, xüsusilə Türkiyə ilə münasibətlərdə özünü göstərdi, çünki Türkiyə inqilabı dəstəklədi və 14 ildir ki, bunu davam etdirirdi. Suriya böhrandan fürsətə çevrildi və biz Türkiyəyə və digər ölkələrə səfərlərimiz zamanı bu imkanları vurğuladıq"- deyə, Şara bildirib.
Aytən Yaşar/ Turkustan.az