Nəvəsi ilə vaxt keçirən yaşlı insanlar daha uzunömürlü olur – Yeni araşdırma


Nənələr nəvələrinə qarşı övladlarına nisbətən daha güclü emosional bağlılıq hiss edirlər.

Turkustan.az “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ-də aparılan yeni araşdırma nənə–nəvə münasibətlərinin düşündüyümüzdən daha dərin olduğunu göstərib.

Tədqiqatda 3–12 yaş arası nəvəsi olan təxminən 50 qadının beyni MRT cihazı ilə yoxlanılıb. Onlara öz nəvələrinin, övladlarının, tanımadıqları uşaqların və böyüklərin şəkilləri göstərilib.

Nəticələr göstərib ki, nənələr öz nəvələrinə baxarkən beyində sevgi və empatiya ilə bağlı sahələr daha güclü aktivləşir. Bu da onların nəvələrinə qarşı daha güclü emosional bağ hiss etdiyini göstərir.

Daha əvvəl ataların uşaqlarının şəkillərinə baxarkən beynində baş verən reaksiyalar da araşdırılıb. Atalarla müqayisədə nənələrdə emosional empatiya, mükafat və motivasiya ilə əlaqəli beyin bölgələrinin daha güclü aktivləşdiyi müəyyən edilib.

Araşdırmada həmçinin məlum olub ki, nəvələri ilə daha çox vaxt keçirən yaşlı insanların sağlamlıq göstəriciləri daha yaxşıdır və onların daha uzun yaşama ehtimalı artır.

Almaniyada aparılan bir araşdırmaya görə isə, nəvəsi ilə vaxt keçirən yaşlı insanlarda ölüm riski təxminən 37 faiz daha aşağıdır.

Mütəxəssislər bildirirlər ki, nəvələrlə vaxt keçirmək yaşlı insanlar üçün təkcə sevinc deyil, həm də yaddaşın və düşünmə qabiliyyətinin daha yaxşı qorunmasına kömək edir. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ