Dövlət Gömrük Komitəsinin (DGK) Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq olaraq:
- 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq),
- 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və
- 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
“Yeni Sabah” sadalanan maddələr üzrə cəzaların müddətini araşdırıb:
Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə nəzərdə tutulan mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq ağır cinayətdir və bu cinayətin cəza müddəti cinayətin törədilmə vaxtı qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilir, adətən uzun müddətli azadlıqdan məhrumetmə cəzalarını əhatə edir ki, bu da maddənin konkret hissəsindən və digər ağırlaşdırıcı hallardan (külli miqdar, mütəşəkkil dəstə) asılıdır. Məcəllənin 206.4-cü maddəsi qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilməsi və külli miqdarda olması halı üçün nəzərdə tutulub, Bu maddə ilə təqsirləndirilənlərə daha ağır cəzalar verilir.
Cəza müddəti cinayətin törədilmə zamanı qüvvədə olan qanunla müəyyən edilir, lakin bu maddə adətən 5 ildən 10 ilədək, hətta daha ağır hallarda (mütəşəkkil dəstə) 10 ildən yuxarı azadlıqdan məhrumetməni nəzərdə tuta bilər (əslində bu, daha yüksək maddələrə istinad edir).
Cinayət Məcəlləsinin 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələri üzrə törədilmiş əməllər - yəni aksiz markası ilə markalanmalı olan malların markasız və satış məqsədi ilə saxlanılması külli miqdarda, təkrar, qabaqcadan əlbir olmuş qrup tərəfindən - əmlak müsadirə olunmaqla 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 308.2-ci maddəsi - yəni ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə də tətbiq oluna bilər.
Qeyd edək ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.