Yaxşılıqlar haqqında kitab


Kənan HACI

Qazax yazıçısı Malik Otarbayevin “Gözlədiyimiz xoşbəxtlik” kitabı üzərinə qeydlər

Qazax yazıçısı, ictimai-siyasi xadim Malik Otarbayevlə ilk dəfə ötən ilin oktyabrında X Bakı Beynəlxalq Kitab Sərgisində görüşmüşdük. Bu səfər çərçivəsində onun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş "Gözlədiyimiz xoşbəxtlik" kitabının təqdimatı keçirilirdi. Yazıçı kitabını avtoqrafla mənə hədiyyə etdi. Kitabla bağlı ayaqüstü qısa söhbətimiz oldu və bu görüş məndə dərin təəssürat oyatdı. “Türk ədəbiyyatının inciləri” seriyasından nəfis tərtibatla çap olunmuş bu kitabla tanış olduqda böyük məmnunluq hissi keçirdim və mənəvi zövq yaşadım. Bu barədə bir qədər sonra.

Tarix, zaman və siyasi gerçəkliklər türk dünyası qarşısında geniş imkanlar açır. Türk dünyasının üfüqləri genişlənir və bu genişlikdə tarixi yaddaş bizi ötən zamanların dərinliklərinə doğru çəkir. Tarix, dövlət, mədəniyyət yaradan türk millətinin taleyi, genetik kodu hər bir türkdə yaşayır. Türkün tarixi bəşər tarixinin ayrılmaz bir parçasıdır. Dünya mədəniyyətinin zənginləşməsində Türk millətinin danılmaz payı var. Sivilizasiya yaradan xalqlar hər zaman bəşəriyyətin tarixində böyük rol oynayır, onlar həmin coğrafiyada digər xalqların, millətlərin də inkişafına vəsilə olurlar. Nəticədə mədəni və milli tərəqqi zəngin mədəniyyətin yaranması ilə nəticələnir ki, bu da bütöv bir toplumu, xalqı İntibah yoluna çıxarır.

Hər bir türkün yaddaşında bu Böyük tarixin izləri var. Bu zəngin mədəniyyətin varisləri bizik, bu mədəniyyəti qorumaq, gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür. Tarixə istiqamət vermək iqtidarında olmuş türk imperiyaları gələcək üçün zəngin mədəni irs qoyub getmişdir. Hər daşında dədə-babalarımızın nişanəsini qoruyub saxlayan məbədlər, muzeylər, abidələr, zəngin kitabxanalar, bu kitabxanaları zinətləndirən türk mütəfəkkir və alimlərinin qələmə aldığı risalələr, təzkirələr, tarixi yaddaşımızı özündə hifz edən relikviyalar, rəsm əsərləri, poeziya nümunələri türklərin bir millət olaraq daşıdığı sosial-etnik, mədəni, ədəbi dəyərləri qoruyub yaşadan əvəzsiz mənbələrdir. Bu ortaq dəyərlər zaman-zaman türkün gücünə güc qatıb, onun qüdrətlənməsinin əsas qaynaqlarından olub.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra öz milli yaddaşını bərpa etməyə başladı. Türk toplumun vahid orqanizm kimi fəaliyyət göstərməsi tarixi zərurətə çevrildi.

Bu birliyin möhkəmlənməsinə Türk Mədəniyyəti və İrsi Fondu da öz töhfələrini verməkdədir. Türk Mədəniyyəti və İrsi Fondu digər türkdilli təşkilatlarla əməkdaşlıq çərçivəsində türkdilli xalqların maddi-mənəvi irsinin qorunması və təbliği işini həyata keçirməkdədir. Fondun ilk rəhbəri olmuş Millət vəkili Günay Əfəndiyevanın bu sahədə xidmətləri təqdirəlayiqdir. Yarandığı dövrdən (2012-ci il) üzü bəri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəni irsinin tanıdılması kontekstində türk dünyasının dahi şəxsiyyətlərinin, o cümlədən dövlət və incəsənət xadimlərinin, alimlərin, şair və yazıçıların həyat və yaradıcılığının təbliği ilə yanaşı türk dünyası üçün əlamətdar hadisələrin yubileylərinin qeyd olunması sahəsində mütəmadi fəaliyyət göstərməkdədir.

Bir xalqın mədəniyyətini dünyaya çatdırmağın ən vacib üsullarından biri də bu sahədə elmi-mədəni, tarixi, ədəbi-bədii kitabların nəşr olunmasıdır. Kitab eyni kökə malik olan xalqlar arasında ən etibarlı körpülərdən biridir. Kitablar türk xalqlarının mənəvi dünyasına açılan pəncərələrdir ki, bu pəncələrdən onlar bir-birlərinin keçmişini və bu gününü bütün aydınlığı və genişliyi ilə görə bilirlər. Türk Mədəniyyəti və İrsi Fondu bu illər ərzində çoxlu sayda tarixi əhəmiyyətli kitablar nəşr ediblər. Bu kitab və kataloqların siyahısına nəzər saldıqda görürük ki, bu nəşrlərin hər biri tarixi əhəmiyyətə mali

Bardibek.jpg

Qazax ədəbiyyatının yeni nəsil nümayəndələrindən olan Malik Otarbayevin “Gözlədiyimiz xoşbəxtlik” kitabı da bu qəbil kitablardandır. Kitaba ön söz yazmış Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, sənətşünaslıq doktoru, professor Aktotı Raimkulova Malik Otarbayevin yaradıcılığını belə xarakterizə edir: “Malik Otarbayevin qələmi həyatın gerçəkliklərini, insanların münasibətlərindəki incəlikləri dəqiq əks etdirir. Nəticədə hər bir obrazın hekayəsi daxili dünyamızın arzuları və gündəlik həyatımızın reallıqları arasındakı mübarizənin əksi kimi görünür. “Gözlədiyimiz xoşbəxtlik” təkcə bir insanın düşüncəsi deyil, bəşəriyyətin özlüyündə axtardığı “Xoşbəxtlik nədir? Xoşbəxtlik haradadır?” suallarına cavabdır.

Bu kitab insanı düşündürməklə kifayətlənmir, həm də oxucunu öz daxili aləminə nəzər salmağa, mənəvi zənginliyə çağırır. Kitabın hər bir səhifəsi insanı yeni düşüncələrə yönəldir və həyata fərqli tərəfdən baxmağa dəvət edir. Bu məqam insanlığa xas olan sonsuz ümid və həqiqi xoşbəxtliyə çatmaq arzusunun əbədi güzgüsü kimi dəyərləndirilə bilər”.

Bizim fikrimizcə isə Malik Otarbayevin miniatür hekayələri məzmun və məna yükü etibarilə bəzən bir romanın əhatə edə biləcəyi mətləbləri özündə ehtiva edir. Bir az da müəllif haqqında ətraflı məlumat verək. Yazıçı 1980-ci ildə Qazaxıstanın Jambıl vilayətində anadan olub. Ömrünü ədəbiyyata həsr etmiş yazıçı öz ölkəsində ədəbi dərgi rəhbəri, nəşriyyat müdiri kimi çalışmış, TÜRKSOY-un Qazaxıstan üzrə nümayəndəsi olmuşdur. Sonralar dipolmatik fəaliyyətə keçmiş, Qazaxıstanın Ankaradakı səfirliyində üçüncü katib vəzifəsində çalışmışdır. Qazaxıstanın Məlumat və İctimai İnkişaf Nazirliyində, Mədəniyyət və İdman Nazirliyində məsul vəzifələr daşıyıb. Hal-hazırda Qazaxıstan Prezidentinin Baş Məsləhətçisi vəzifəsində çalışır.

Malik Otarbayevin pyesləri Qazaxıstan teatrlarında mütəmadi olaraq oynanılır. Tərcüməçi kimi də səmərəli fəaliyyət göstərir. Yunus İmrənin, Nəcib Fazil Kısakürəyin, Haldun Tanerin əsərlərini qazax dilinə tərcümə edib. Şerxan Murtəzanın “Ay ilə Ayşə” romanını, Nurlan Orazalinin “Susamış gecələr” şeirlər kitabını, Jambıl Jabayevin “Koroğlu” dastanını, Kasım Jomərd Tokayevin “Atama aid” kitabını isə qazaxcadan türk dilinə tərcümə edib.

Müəllifin fikir dünyasının öz ahəngi, öz ritmi, melodiyası var. Bu mətnlərin didaktik yönü oxucular üçün faydalılıq əmsalını da artırır ki, bu da kitaba müstəsna səlahiyyət qazandırır. “Üşüyən şair” essesində müəllif Mövlana Rumi ilə Şəms Təbrizinin əhvalatını xatırladır:

“Rumidən soruşurlar: - Şəms Təbrizi ilə tanış olmamışdan əvvəl də mükəmməl idiniz. Şamdakı ustadınız sizə “Elmə tam yiyələnibsən” demişdi. Bəs Şəms sizə nə dedi? Bilirik ki, “Məsnəvi” adlı kitabınızda çay kimi axırdınız, “Divani-Kəbir” əsərinizdə isə vulkan kimi püskürərək yanırdınız. Gecələr yatmırdınız. Göydəki ulduzlar kimi idiniz.

Rumi ah çəkib deyir: - Bu, doğrudur. Çünki üşüməyi Şəmsdən öyrənmişəm. Əvvəllər üşüdüyüm zaman həmişə isinirdim. Sonralar isinə bilmədim. Çünki Şəms mənə demişdi: “Əgər yer üzündə bir insan üşüsə, sən isinə bilməzsən; biri acdırsa, sən tox gəzə bilməzsən; biri əziyyət çəkirsə, sən rahat yata bilməzsən”.

Bədii ədəbiyyat insanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiyyətə malik bir hadisədir. Necə ki, insanın mənəvi dünyasında əxlaq, zehni/intellektlə yanaşı bir şövq də var. Malik Otarbayevin bədii mətnləri insan ruhunda bir şövq haləsi yaradır. İstənilən mətni oxusanız, ruhunuzda dərin iz buraxacaq. Türkün böyük tarixi haqqında ibrətamiz əhvalatlar bəzək-düzəksiz, yalın dillə qələmə alınsa da yaddaşımıza hopur. “Davasız dərd” rəvayəti kimi. “İbn Sinadan soruşurlar: - Bu dünyada davasız dərd varmı? Alim belə cavab verir: - Yaxşılıq yamanlıqdan xeyir dilənsə, davasız dərdə çevrilir. – Bəs onda nə etmək lazımdır? İbn Sina belə cavab verir: - Təhsilə, sənətə qayğı ilə yanaşmalı, onları dilənçiliyə çevirməməlidirlər. Axı bilik və sənət dəstək olmayan ölkədən, dəyər görməyən yerdən qaçır”.

“Budağından qopan yarpaq” hekayəsi cəhalətdən nəsibini almış, ataları tərəfindən diri-diri torpağa gömülmüş qızların faciəvi taleyini əks etdirir. Bu mövzuda çox az sayda əsərlər yazılıb. Mahiyyətlər isə zaman keçdikcə müxtəlif libaslarda zahirə çıxır. Cəhalətə qarşı ən güclü silah isə təhsildir, mütaliədir. Yazıçının bu hekayəsi mərhəmət hissindən məhrum olmuş bəzi atalar üçün ən yaxşı vaksindir.

Kitaba daxil edilmiş esse və hekayələrin hər biri haqqında geniş danışmaq olar. Ən gözəli isə bu kitabı oxumaqdır. Bu rəvayətləri oxuduqca qədim Şərq müdriklərinin qələmə aldığı “Qabusnamə”, “Kəlilə və Dimnə” və bu kimi kitabları xatırlayırsan. Təhsilin didaktik sistemini yaratmış bu əsərlər (pəndnamələr) nəsil-nəsil insanların şəxsiyyət kimi formalaşmasında önəmli rol oynayıb. XXI əsrdə də belə əsərlərə ehtiyac var. Malik Otarbayevin “Gözlədiyimiz xoşbəxtlik” kitabı da gələcək nəsillər üçün bu funksiyanı daşıyacaq.

Kitabı qazax türkcəsindən dilimizə gənc mütəxəssis Məleykə Mirzəli çevirib.


MANŞET XƏBƏRLƏRİ