Almaniya sözünün üstündə durmadı: İsrailə silah ixracını bərpa etdi


Almaniya hökuməti qismən silah ixracına qoyulan qadağadan sonra Qəzzada törədilən soyqırımdan məsul olan İsrailə 2,46 milyon avro dəyərində silah göndərilməsinə icazə verib.

Turkustan.az xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyi müxalifətdəki Sol Partiyasının (Die Linke) hökumətə təqdim etdiyi parlament sualına cavabında qeyd edib ki, hökumət İsrailə silahların qismən ixracı barədə qərarını elan etdiyi avqustun 8-dən sentyabrın 22-dək Almaniyanın müdafiə sənayesi istehsalçılarına İsrailə ən azı 2,46 milyon avro dəyərində silah tədarük etməyə icazə verilib.

Almaniya hökuməti bu təsdiqlərin yalnız "digər hərbi texnika" üçün olduğunu, "müharibə silahları" üçün olmadığını və əvvəllər təsdiqlənmiş ixracatın çox kiçik bir hissəsi olduğunu iddia etdi.

Baş nazir Fridrix Merz avqustun 8-də İsrailin Qəzza zolağında əməliyyatları artırmaq qərarından sonra Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracının dayandırıldığını açıqlayıb.

Berlin Almaniyanın müdafiə sənayesi istehsalçılarına 2025-ci il yanvarın 1-dən avqustun 8-dək İsrailə təxminən 250 milyon avro dəyərində silah tədarük etməyə icazə vermişdi.

Hökumət 2023-cü ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışını təsdiqləyib.2023-cü ildə Almaniyanın İsrailə silah və hərbi texnika satışı 2022-ci ilə nisbətən on dəfə artıb.

Bu arada Sol Partiyadan olan millət vəkili Lea Reisner hökumətini İsrailə ixrac lisenziyalarını yenidən verdiyinə görə sərt şəkildə tənqid edərək, "Almaniya hökuməti İsrailə milyonlarla dollar dəyərində hərbi texnikanın ixracını təsdiqləməyə davam edərkən bu sözdə ixrac dayandırılması ilə alman xalqını aldadır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ