İŞIQLI ATALI
III yazı
Ürəyinizdə Günəş olsun!
Asif Atanın zəngin yaradıcılığının hələ tam anlaşılmamasının, öyrənilməməsinin nədənlərini araşdırdıqca bu qənatə gəlmək olar: dünyaya, həyata, insana Mütləqə İnam Dünyabaxışı ölçüsündə yanaşan İrsi oxuyanlara çətin görünür; baxmayaraq ki, Atanın üslubu sadədir, demək olar, terminlərdən istifadə etməyib. Əsas məsələ onun İnsan qarşısında qoyduğu güzəştsiz mənəvi tələbdir: İnsan şəraitdən, mühitdən, zamandan üstündür, o, hər bir şəraitdə özü olaraq qala bilər. İnsanın Mütləqləşmək - var olmaq, yəni kamilləşmək imkanı var. Cəmiyyət, şərait, mühit İnsanı özüylə bir olmağa qoymur, tarixdəki bütün gözəl əməllər yalnız özündən keçənlərin hünəri ilə baş tutub.
Atanın yaradıcılığında fikri aydın, sadə olduğu dərəcədə bənzərsiz demək ustalığı aqibətinin aydınlığından gəlir, mütləqilik üstə gerçəkləşən halından doğur.
Asif Atanın yaradıcılığa ədəbiyyat tənqidçiliyi ilə başlaması təsadüfi deyildi. Uşaqlıqdan fitrətən təbiətə bağlılığı vardı, bu dönəmdə kənd mühitinin içində olması onun yaddaşında əbədi, yaradıcı izini qoymuşdu. Təbiətdəki sirri-sehri anlamaq onun mahiyyətcə insanı, dünyanı anlaması demək idi. Bu duyğunu, düşüncəni ipə-sapa düzmək, yetkin ifadə etmək şübhəsiz, birdən-birə olmur. Bu məqama yetmək əslində insanın özünü öyrənməsi ilə təndir.
Atanın 1984-cü ildə - 49 yaşında yazdığı “Ömrüm-Günüm” əsərinin dili xatirat janrına uyğun duyğusal olduğu dərəcədə mahiyyət ölçüsündə qısalıq, habelə bənzərsizlik ifadə edir. Atanın xatirəsini təbiətlə başlaması təbiidir: onun dünyabaxışında təbiət-insan birliyi ardıcıl mənalandırılır. Habelə əsərdə insan-ailə ilişgiləri, sovet dövrü ideologiyasının insanların psixologiyasında yaratdığı ölümcül gərginliklər, hər sahədəki aşıntılar çatdırılır.
Ata yazır: “Dağların başından boylanır, çayların sularında oynayır, düzlərə səpələnir, sifətlərə qonur Günəş. Günəş rəngində görünür Dünya! Günəş rənginə boyanır Günlərim! Ürəyimdə günəş mahnısı doğur. Günəş ahəngli günlərim yaranır!”
Bu, Günəşin ruhsal mahiyyətini – şəfqətini fitrən, həm də özünəməxsus idrakilik yönü əsasında ifadə etməkdir.
“Çaylar daşır, ağaclar pöhrələnir, çiçəklər açır, düzlər yaşıla bürünür, meşələr yarpaqlanır, səma ulduzlanır, aylanır. Ömrə bahar gəlir. Günlər bahar fərəhinə qərq olur”.
Bu, çayların axarında, ağacların göylərə dartınmasında, meşə pünhanlığında, göy ucalığında, baharda – təbiətin yenidən doğulmasında insanı görməkdir, insan-təbiət birliyinin mütləq ifadəsidir.
Bu məqamları ilk dəfə oxuyanda halımın Ata halına doğmalığını duydum, gördüm, aqibət yaradıcılığının nə olduğunu dərindən anladım.
Atanın Fəlsəfəsinin pıçıltı sayaq ilk işartıları təbiətdə yaranır, özülünü burdan alır, sonradan Moskvada təhsil aldığı illərdə həmin ülvi duyğu seli onu bir an da tərk etmir.
İnsanın sirli-sehrli dünyasını anlaması, bilməsi üçün təbiətdə var olması gərəkdir. Ata bu ilahi məqama yetmişdi, uşaqlığının verdiyi, yetdiyi hikmətləri ifadə etmək üçün illərlə yol getməsi gərək olmuşdu. Orta məktəbin yuxarı siniflərini Gəncədə oxuması, ardınca Moskvadakı Ədəbiyyat İnstiutunda təhsil alması; bütün müşahidələrinin mayasında özünün dediyi kimi doğulduğu Çaykəndin məftunedici təbiəti vardı. Təbiət ona içdən özgür olmaq duyğusu vermiş, fitri halını oyatmışdı.
İnsanı görmək üçün özünü dərindən tanımalısan. “İnsan içində Mütləqilik gəzdirən, şəraitdən, mühitdən, zamandan üstün olan, Mütləqləşməyə qadir olan ruhsal varlıqdır”. Bu, Atanın İnsan haqqında qənaətidir.
Moskvada dünya ədəbiyyatını, mədəniyyətini, tarixini və s. öyrəndi. Kitabxana evi olmuşdu. Onunla oxumağa gedənlərdən tamam fərqliydi. Daim öz dünyasında, halındaydı. Deyirdi, dünya tarixi ilə bağlı kitablarda Azərbaycanın adına rast gəlmədim.
Ata mahiyyətcə Moskvada tələbəlik dövrü keçmədi, kitabxanada özünüyaratma dövrü keçdi. O zaman gənc Asifin içində yaranan təlatümün qarşısıalınmazlığının nədənini təsəvvür etmək olar: elə bir yön yaratmaq ki, bənzərsiz olsun.
Zəngin ruha, özünəməxsus mədəniyyətə, tarixə malik olan Azərbaycanın bilinməsi, görünməsi üçün insanlarının içdən köklənməsi gərək idi. Sovet imperiyasının içində dissidentlikdən artıq olan Ocaq əməlini yaratmaq birdən-birə mümkün olmadı. Möhtəşəm, bənzərsiz yaradıcılıq üçün ədəbiyyat Ataya gözəl imkan verirdi.
Ata əmin idi ki, ədəbiyyatın verdiyi imkandan bəhrələnib bənzərsiz yön yaratmaq olar. Atanın fəlsəfi-bədii tənqidində üstünlüyün fəlsəfəyə verilməsi təsadüfi deyil. Fəlsəfilik imkanı düşünə bilən hər bir yaradıcı insanın içində var, Atanın Fəlsəfəsi bu imkanı mahiyyət ölçüsündə göstərir, ümumən insan yaradıcılığının hər bir sahəsində ideyanın gerçəkləşdirilməsi zəruriliyini bildirir.
İnsanın İnsanlığına yetməsi zəruridir. Bunun üçün onun özünü dərindən öyrənməsi gərəkdir. İnsan hər şeyi öyrənir, dərindən araşdırır, ancaq özünü demək olar, ən yaxşı halda səthi araşdırır. Sonucda özünə müəmmalı qalır, qeyri-müəyyənlikdən qurtula bilmir. Atanın ölçüsündə elmlər dünyanın necəliyini açır, ancaq fəlsəfə “Nə üçün?” sualına cavab verir. Əslində bunu bacarmayan fəlsəfə fəlsəfə deyil. Yaradıcılığının ilk illərində “Filosof-tənqidçi” təqdimatı vardı, o dövr üçün bu, qaçılmaz görünürdü. “Fəlsəfə elmləri namizədi, dosent” idi, ictimai mühitdə özünütəsdiq üçün bunlar vasitə kimi gərək olmuşdu. Ancaq onun amacı şöhrətə çatmaq deyildi, yaratdığı aqibətinə uyğun yaşamaq idi. 1991-ci ilin avqustunda bütün diplomlarından imtna etməsi zamandan ötəliyinin təsdiqi oldu.
1959-cu ildə “Tənqid və zəmanə” adlı yazısı çap olundu. Bu yazıda 25 yaşlı Asif Əfəndiyev ədəbi tənqidlə bağlı fikirlərini ictimaiyyətə təqdim etdi. 1975-77-ci illərdə indiki BDU-da “Etik-estetik tərbiyə klubu”nu yaratdı, burada minlərlə insan iştirak etdi. Ata yazır: “Mühazirəmə gəlirdilər: dalğa-dalğa, sel-sel! Görüşümə gəlirdilər: dalğa-dalğa, sel-sel! Yataqxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel! Kitabxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel!”
1979-cu ildə Ocağını yaratması onun ömrünün mütləq təsdiqi sayıla bilər. Qapanmalar, təqiblər, təhlükələr selində belə halından dönmədi, əsərlərinin çoxunu həmin illərdə yazdı: “Yeni fəlsəfə lazım idi. Yeni idrak lazım idi. Yeni mənəviyyat lazım idi”. Atanın Fəlsəfəsini ifadə edən özül əsərləri bu illərdə yazılır: “Biri oxudu – yüzü eşitdi. Üzünü köçürtdülər. Ölkəyə yaydılar”.
Fikirlərinin yenidən açıq şəkildə yayılmağa başladığı 1989-cu ildən ömrünün sonuna – 1997-ci ilə kimi İnam Atanın (Asif Atanın) yaradıcılığı yeni bir mərhələdə davam edir: qəzetlərdə, jurnallarda ardıcıl müsahibələr, habelə fəlsəfi-tənqidi yazıları çap olunur, Ocağın fəaliyyəti genişlənir. “Bilik” cəmiyyətində “Azərbaycanımız-Azərbaycanlığımız” adlı Fikir Evi fəaliyyətə başlayır, televiziya-radio çıxışları olur. Bütün bunlar Atanın xalq yaratma əməlinin təsdiqi idi.
Ulusun (xalqın) insanlığın – bəşəriliyin təsdiqi ölçüsündə varlığının təsdiqi, ömrünün yönünün əsilliyə, özümlüyə biryolluq köklənməsi çabaları ağıllarda silinməz iz qoydu. Ata deyirdi, bizim yolumuz uzundur, çətindir, asan sayılan yollara inanmırıq, yalnız çətin yol doğru yoldur.
Bu gün 90 yaşında İnam Ata (Asif Ata) yenilməz halıyla – zəngin, bənzərsiz yaradıcılığıyla ardıcıl ömürləşməkdədir. Bəşərin yeni idrak zirvəsini yaradan, varlığını, özümlüyünü təsdiq edən, ontologiyası olan Atanın fikirləri sabahımızda daha aydın, daha yaşarı, gərəkli, qaçılmaz görünəcək, bilinəcək.
Biz bu anda varıq, yaşayırıq. Bizdən öncəkilərin yaşantıları, dünyaya, həyata, təbiətə, insana yanaşmaları hər zaman diqqətçəkici olub. İnam Ata (Asif Ata) kimi özünəməxsus həyatı olan insanların duyğuları sabahkılara gərək olacaq: ardıcıllığıyla, ümidiylə, insana sevgisiylə, İnamıyla...
*** *** ***
İNAM ATA (ASİF ATA) HAQQINDA DEYİLƏNLƏR
Asif Atanın kəlamları, düşüncələri haradasa fəhmlə, vəhylə gəlirdi. Dünyanın ən böyük kitabları fəhmlə, vəhylə gəlib. Konkret olaraq Ataya gələnlər vəhylə idi. Asif Ata həyatdan tez getdi. Ancaq o, az bir vaxtda özünün möhtəşəm əsərlərini yaratdı. Böyüklük hansısa bir quruluşa, dövrə, zamana sığmır. Asif Ata belə bir şəxsiyyət idi.
Tahir Talıblı, şair-publisist
***
Asif Ata müstəqil söz sahibi idi və sonacan da öz mövqeyində qaldı.
Telman Əliyev, professor
***
Ata ilə söhbətlərdə çox suallarıma cavab tapmışam. Ən çətin illərdə orijinal, inamlı fikirləri ilə insanların ürəklərini, ağıllarını ehtizaza gətirirdi.
Teyyub Qurban, şair-dramaturq
***
Asif Ata böyük mütəfəkkir, elm adamı, filosofdur. Onun hər şey haqqında fikirləri var. Çox şadam ki, Asif Atanı görmüşəm, tədbirində iştirak etmişəm. O, mənim çalğıma yüksək dəyər verirdi. İndi Asif Ata kimi insan var? Sanki dünya boşalıb. Asif Ata kimsənin demədiyini deyirdi.
Vamiq Məmmədəliyev, tarzən, xalq artisti
***
Asif Atada gerçəkliyi dərindən bilmək və ifadə etmək gücü vardı, həyat materialına hərtərəfli yanaşa bilirdi. Asif Atanın özünəməxsus ölçüsü vardı, həmişə bu ölçüdən çıxış edirdi.
Vaqif Arzumanlı, filologiya üzrə elmlər doktoru, professor
***
Asif Atanı mənə sevdirən bir cəhət olub: o, danışmaq xatirinə danışmırdı. Xalqımızın Türk dünyasına bəxş etdiyi barmaqla sayıla bilən şəxslərdən biri Asif Atadır. Həmişə Atayla fəxr eləmişəm. Atanın adı gələn yerdə baş əyməyə hazıram.
Rafiq Turabxanoğlu
***
Asif Ata Türk Dünyasının, Bəşərin min ildə bir yetişdirdiyi nadir şəxsiyyətlərdəndir. O, ədəbiyyatı gözəl bilirdi, şeiri dərinliyinə qədər anlayırdı. İnsan göründüyü kimi olmalı, olduğu kimi görünməlidir. Mən həyatım boyu yalnız Asif Atanı bu cür görmüşəm.
Vəli Xramçaylı, şair
***
Atanın gördüyü işlər ölməzdir. Vaxt gələcək, xalqımız Asif Atanın böyüklüyünü daha aydın dərk edəcək.
Vüqar Əhməd, şair, filologiya elmləri doktoru, professor
***
Asif Ata bir həqiqət kimi bizə və bütün bəşəriyyətə mənəviyyatlı, kamil gələcəyi gətirmək üçün lazımdır. Məhz kamil, hərtərəfli, xoşbəxt gələcək üçün Asif Ata bizə mənəvi qida, mənəvi istinad nöqtəsi, bir yolgöstərən mayak, ulduz kimi lazımdır – ucalıq, zirvə kimi. Mənə elə gəlir ki, Asif Atanın böyüklüyünü, ucalığını, bəşəriyyət üçün dəyərini verməkdən ötrü zaman və məkanca məsafə lazımdır. 100-200 il sonra Asif Ata bugünkündən qat-qat daha yaxşı dərk olunacaq, daha çox seviləcək, insanların qəlbinə, ruhuna hopacaq.
Xeyrulla Ağayev, yazıçı-publisist
***
Asif Ata öz sözü, nüfuzu, şəxsiyyəti, qüruru olan bir insan idi. Mən onu belə görmüşəm.
Yusif Nəğməkar, şair
***
Asif Atanın Azərbaycanda fəlsəfi fikrin inkişafında ayrıca yeri var. Asif Ata həm də ədəbiyyatın, ədəbiyyatşünaslığın filosofu idi. “Müdriklik səlahiyyəti” kitabında yazıçılara, şairlərə dəyər verirdi. Onun qiyməti adi ədəbiyyatşünas dəyərləndirməsi deyildi – filosof qiyməti idi. Asif Atada bir neçə cəhət birləşmişdi. Onun Azərbaycan ədəbiyyatına, fəlsəfi fikrinə etdiyi təsir çox dəyərlidir və əvəzsizdir.
Zahid Xəlil, şair, filologiya elmləri doktoru, professor
***
Gənclik çağımda yaradıcılığımın formalaşmasında Asif Atanın duyulası rolu olub. Onun fikirləri dəqiq, inandırıcı idi.
Ziyadxan Əliyev, əməkdar incəsənət xadimi, sənətşünas
***
Asif Atanın uğuru – konkret insan keyfiyyətlərinin Şərq təfəkkürü müstəvisində, fəlsəfi duyumla maksimalistləşdirilməsi, poetikləşdirilməsi, pafoslaşdırılması və bununla da mənəviyyat adamlarının həsrətdə qalan daxili tələbatlarını ehtizaza gətirməsidir.
Mahir Bayram, araşdırmaçı
***
Çağdaş Azərbaycan fikir tarixində, mənəvi dəyərlər sistemində, milli düşüncənin formalaşmasında Asif Ata ideyaları, onun fəlsəfi təfəkkürü ayrıca yer tutur. Bu gün Asif Atanın ideyaları ona görə gündəmdədir ki, o, yeni bəşəri bir dünyabaxışın əsasını qoyub. O, “İnsanlaşın, İnsanlaşdırın!” ideyası ilə gündəmə gəlir. Bu isə təkcə Azərbaycana sığmır, bəşəri bir ideyadır. Asif Ata ideyaları özünü və dünyanı anlayan, kamilləşən insanlar yetişdirir.
Adıgözəl Məmmədov, psixoanalitik
***
Asif Ata inamın, əqidənin Atası idi və sinəsində, ürəyinin başında elə bir atəş yandırmışdı ki, bu atəş keçmişə, bu günə, gələcəyə, min illər sonraya işıq salacaq...
Fariz Çobanoğlu, publisist
***
Asif Ata insanlıq üçün cıxış yolunu göstərir. Bu yolun fəlsəfəsini bilmək üçün yol yiyəsini öyrənmək gərək.
Ağa Cəfərli
***