Trampın "Nobel" hədəfli Qəzza planı: HƏMAS–İsrail münaqişəsi sona çatır? - ŞƏRH


ABŞ prezidenti Donald Tramp Qəzzada müharibəyə son qoymaq məqsədilə 21 bəndlik sülh planı təqdim edib. Plan atəşkəsin əldə olunması, HƏMAS-ın silahsızlaşdırılması və bölgənin beynəlxalq nəzarətə verilməsini nəzərdə tutur.

İsrail planı ümumilikdə müsbət qarşılayaraq təhlükəsizlik zəmanətləri tələb edir. HƏMAS isə təklifi birtərəfli və qeyri-real adlandıraraq rədd edir. Beynəlxalq ictimaiyyət isə bu təşəbbüsə ehtiyatlı optimizmlə yanaşır.

Maraqlıdır görəsən, bu plan Qəzzada müharibəni bitirə biləcəkmi? HƏMAS nəhayət İsraillə razılaşacaqmı? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Oqtay Qasımov

Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan görüş böyük əhəmiyyət daşıyırdı. Görüşdə əsas müzakirə mövzusu Qəzza münaqişəsi, cəza tədbirləri və mümkün atəşkəslə bağlı təqdim olunan 20 maddəlik sülh planı idi.

Trampın təklif etdiyi plan Netanyahu tərəfindən qəbul edilib. Lakin Mətbuat Konfransında səsləndirilən fikirlər və Trampın İsraillə paralel yanaşması göstərdi ki, tərəflər arasında tam uzlaşma mövcud deyil.

HƏMAS isə planı qəbul etməyib. Təşkilat müqavimət göstərməyə davam edərsə, vəziyyət daha da gərginləşə bilər. Belə ssenaridə İsrail münaqişəni tam öz xeyrinə həll etməyə çalışacaq və ABŞ da bu prosesdə onu tam şəkildə dəstəkləyəcək. Mövcud reallıqda plan ideal olmasa da, ən optimal həll yolu hesab olunur, çünki alternativlər hazırda ya mümkün deyil, ya da daha risklidir.

Son üç ildə Qəzzada baş verən hadisələr ağır humanitar fəlakətə səbəb olub — 63 mindən artıq insan həyatını itirib. İsrailin həm HƏMAS-a, həm də Qəzzaya münasibəti isə getdikcə daha sərtləşib. Bu baxımdan, “top indi HƏMAS-ın meydanındadır” demək olar.

Bir həftə əvvəl Tramp Nyu-Yorkda Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İordaniya və İndoneziya liderləri ilə də görüşərək bu planı müzakirə edib. Prezident açıq şəkildə bildirib: “Mən İsraili razı saldım. İndi sıra sizdə – HƏMAS-ı razı salmalısınız.”

Plana əsasən, razılaşma əldə olunsa:

Atəşkəs elan ediləcək,

Müharibə dayandırılacaq,

Bölgənin yenidən qurulması və humanitar yardım prosesləri başlayacaq,

HƏMAS tərksilah ediləcək və

Qəzzanın idarəçiliyindən uzaqlaşdırılacaq.

Plan həmçinin Qəzzanın müvəqqəti olaraq beynəlxalq bir şuranın nəzarətinə verilməsini və yerli təhlükəsizlik qüvvələrinin yetişdirilməsini nəzərdə tutur. Fələstin dövlətçiliyi ilə bağlı hələlik mübahisəli məqamlar qalmaqdadır, lakin ümumilikdə plan beynəlxalq dəstək qazanıb.

Müsəlman ölkələrinin əksəriyyəti, o cümlədən Türkiyə prezidenti, bu təşəbbüsə müsbət yanaşıb. Əgər plan həyata keçsə, bu, həm ABŞ, həm də şəxsən Donald Trump üçün böyük siyasi uğur hesab olunacaq və onun Nobel Sülh Mükafatına namizədliyini gücləndirə bilər. Trampın bu mükafata iddialı olduğu da açıq görünür.

Əgər müharibə dayandırılsa, bölgədə sabitlik təmin olunsa və bərpa işləri başlasa, bu, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndiriləcək. Qəzzanın gələcək siyasi statusu isə növbəti mərhələlərdə müzakirə olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ