Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində təşkil olunan brifinqdə Azərbaycanla münasibətlərdən danışıb. O, Azərbaycan və Rusiya arasındakı fundamental münasibətlərin hər şeyi öz yerinə qoyacağını bildirib.
“Münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn məsələlər və problemlər olur. Lakin Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşdıq və qısa bir söhbət etdik”, –Vladimir Putin vurğulayıb.
Putinin fikirləri Rusiyanın iki ölkə arasındakı böhranla bağlı mövqeyini dəyişəcəyinin siqnalı ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan ilə Rusiya arasındakı problemin kökü AZAL təyyarəsinin vurulması ilə bağlıdır:
“Bunu Azərbaycan tərəfi açıq şəkildə qeyd edib. Mülki təyyarənin vurulması və bu hadisənin Rusiya səmasında baş verməsi bir sıra sualların ortaya çıxmasına səbəb olub. Azərbaycan bütün bunlara baxmayaraq, qonşu dövlətlərlə gərginliyin olmasını istəmir.
Amma məlum olduğu kimi, top Rusiya tərəfindədir. Rusiya bu məsələyə daha ciddi yanaşmalı, Bakının suallarını cavablandırmalı və yaranmış problemi aradan qaldırmaq üçün konkret addımlar atmalıdır”.
Z.Məmmədov böhrandan çıxış yolunun aydın olduğunu bildirib:
“Azərbaycan Prezidenti təyyarəmizin vurulmasından sonra bir neçə dəfə açıq şəkildə böhrandan çıxış yolunu necə olduğunu bəyan edib. Biz artıq bir müddətdir müşahidə edirik ki, Rusiya tərəfi bu məsələni görməzdən gəlir, hətta müzakirə etməkdən belə yayınır. Rəsmi Bakının Kremldən konkret gözləntiləri var:
1. Rusiya tərəfinin Azərbaycandan üzr istəməsi;
2. Səhvini etiraf etməsi;
3. Günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi;
4. Azərbaycan dövlətinə, sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi;
5. İtkilərə görə məsul şəxs və strukturların cəzalandırılması.
Rusiya münasibətləri düzəltmək istəyirsə, Bakının bu tələblərini yerinə yetirməlidir”.