Məhəmməd Rəhmanifər
Güney Azərbaycan təlatümlü çağdaş tarixinə üç böyük üsyanla başlayıb: Məşrutə hərəkatı (1905-1911), Şeyx Məhəmməd Xiyabani qiyamı (1920) və Azərbaycan Milli Hökuməti (1945-1946). Bu gün bəziləri Səttarxanı və məşrutəçi döyüşçülərini qəhrəman, bəziləri isə satqın adlandırır. Eyni vəziyyət Xiyabani və Pişəvəri haqqında da hökm sürür. Pişəvərini qəhrəman kimi görənlər Səttarxanı və Məşrutə döyüşçülərini xain və ya satqın adlandırır.
Mən bir tədqiqatçı kimi tarixi mövzulara və şəxsiyyətlərə birtərəfli yanaşma ilə razı deyiləm. Tarixi şəxsiyyətlər öz zaman və məkanı kontekstində, tarixi davamlılıq nöqteyi-nəzərindən araşdırılmalı və mühakimə edilməlidir. Məncə, bu üç böyük hərəkat özünəməxsus xüsusiyyətlərə malik olmaqla yanaşı, Güney Azərbaycan türklərinin son 150 illik tarixinin parçalarını təşkil edir. Amma unutmaq olmaz ki, bu parçalar nə qədər fərqli görünsə də, tarixi davamlılıq içində meydana gəlib və bir-birindən təsirlənib.
(Seyid Cəfər Pişəvəri ilə yanaşı, Azərbaycan Demokrat Firqəsinin digər lider və üzvləri Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və Heydər xan Əmoğlunun şəkillərinin altında)
Azərbaycan Milli Hökumətinin (1945-1946) hərb naziri general Cəfər Kaviyanın çox maraqlı və düşündürücü açıqlaması var. O deyir ki, biz artıq keçmişimizdən dərs almışıq və artıq 40 il əvvəlki yanlışları təkrar etməyəcəyik. Biz artıq İran üçün yox, Azərbaycan üçün mübarizə aparacağıq. Cəfər Kaviyanın bu sözü dilə gətirdiyi tarixdən (1946) 40 il keçmişə qayıtsaq, Məşrutə hərəkatı zamanına (1905-1911) tuş gələcəyik. Deməli bu gün Səttarxanın əleyhdarlarının dediyi sözləri təxminən 80 il əvvəl Cəfər Kaviyan deyib. Lakin indiki müxaliflərdən fərqli olaraq, nə Cəfər Kaviyan, nə də Azərbaycan Demokrat Firqəsinin digər liderləri heç vaxt Səttar xanavə Məşrutə mücahidlərinə qarşı çıxış ediblər.
Azərbaycan Milli Hökuməti dövründə Səttarxan, Məşrutə mücahidləri, Şeyx Məhəmməd Xiyabani həmişə ehtiramla yad edilib. Hətta həmin vaxt Təbrizdə Səttarxanın heykəli qoyulub və üzərində Səttarxanın təsviri olan bayraq dalğalandırılıb. Digər tərəfdən, sağ qalan məşrutə mücahidlərinin çoxu Azərbaycan Demokrat Firqəsinə və Azərbaycan milli hökumətinə qoşulublar.
1945-ci ilin noyabrında Azərbaycan Milli Hökumətinin qurulmasına qərar verən Böyük Xalq Konqresi Səttarxanın qardaşı Hacı Əzim xanın çıxışı ilə işə başlayıb və bir ay sonra Azərbaycan Milli Məclisi açıldıqda da hələ parlamentin sədri və Rəyasət Heyətinin üzvləri seçilmədiyinə görə məclisi Hacı Əzim xan başladıb və idarə edib. Səttarxanın qızı da Azərbaycan Milli Hökumətinə dəstək verib hökumətin hörmətini qazanmışdı.
Razıyam ki, tarix keçmişdən danışır və proqnozların yeri deyil. Bununla belə, bir tədqiqatçı kimi, tarixi dəlillərə əsaslanaraq özümə xas olan bir açıqlama vermək istərdim. Məncə, Səttarxan Tehranın Atabəy bağında ayağından güllələnməsəydi və o yaranın nəticəsində həyatını itirməsəydi, heç şübhəsiz 1945-ci ildə Azərbaycan Milli Hökumətinin liderlərinin biri olacaqdı.
Səttarxanı və Pişəvərini iki zidd cəbhəyə yerləşdirənlər və bunlara tam fərqli şəkildə yanaşanlar unutmasınlar ki, Səttarxan hərəkatının Azərbaycan türklərinə qazandırdığı dərslər olmasıydı, bu xalq 1945-ci ildə Milli Hökumət qurmaq qərarı almaya bilərdi. Necə ki, Böyük Xalq Konqresinin açılışı gününə və hətta saatına qədər Azərbaycan Demokrat Firqəsi, Məşrutə konstitusiyasında bəhs edilən, amma həyata keçməyən “Əyalət və vilayət əncümənləri”nin bərpasını istəyirdi. Pişəvəri belə öz çıxışında bu fikri irəli sürmüşdü. Lakin konqres əsnasında tarixdən alınan dərslər onun fikrini dəyişdi.
Yuxarıda Cəfər Kaviyandan sitat gətirdiyimiz cümlə konqres zamanı hələ gətirilmiş olmasa da, o illərdə azərbaycanlıların əksəriyyətinin mentaliteti eyni idi. Onlar hesab edirdilər ki, mərkəzə etibar etmək olmaz və Azərbaycan öz hökumətini qurmalıdır. Konqresin sonunda da onsuz da bu qərara gəldilər. Lakin unutmayaq ki, onları belə qərarın alınmasına yönləndirən amil keçmişdən aldıqları dərslər idi. Açıqca desəm, Azərbaycan türkləri məşrutə qiyamına qatılmış olmasaydı və Səttarxanla yaşadığı təcrübələri əldə etməsəydi, 1945-ci ildə haradan bu qərara gələcəkdi ki artıq mərkəzə güvənmək olmaz və Azərbaycan Milli Hökuməti qurulmalıdır?
Bu gün məşrutə qiyamına və hətta Səttarxana fərqli baxış bucağından baxmaq olar. Hətta onlara qarşı çıxmaq da mümkündür. Lakin unutmayaq ki, 1905-1911-ci illərdə bu hərəkata qoşulan Azərbaycan türkləri 1945-ci ildə mövcud olan təcrübəyə sahib deyildilər. Başqa sözlə, bu yol gedilməli idi ki, onun nəticələri gələcək nəsillər üçün faydalı təcrübə kimi xidmət etsin. Bu nöqteyi-nəzərdən hər millətin tarixi parça-parça xırdalıqlara və xüsusiyyətlərə malik olmaqla birlikdə bir bütünlük təmin edir. Yəni tarixi hadisələri incələyib araşdırarkən onlara ayrı-ayrı deyil, özündən əvvəlki və sonrakı hadisələrlə birlikdə kompleks şəklində yanaşmaq lazımdır.
(ardı var)