Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Husilərin Səudiyyə Ərəbistanındakı mülki yaşayış məntəqələri və obyektlərinə hücumlarından sonra Yəmənin dörd əyalətində 82 Husi hərbi hədəfini məhv etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, koalisiya sözçüsü, briqada generalı Turki əl-Maliki yazılı açıqlamasında Husilərin Səudiyyə Ərəbistanında mülki şəxsləri və obyektləri hədəf aldığını bildirib.
Malikinin sözlərinə görə, son hücumların hədəfləri arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Əbha Beynəlxalq Hava Limanı da olub. O, bu hücumların “cəzasız qalmayacağını” vurğulayıb.
Koalisiya qüvvələrinin Yəmənin Saada, Hodeida, Cəvf və Marib əyalətlərində Husilərə məxsus ümumilikdə 82 hərbi hədəfi məhv etdiyi bildirilib. Hədəflər arasında ballistik raket təhlükəsi yaradan obyektlərin də olduğu qeyd olunub.
Maliki bildirib ki, məhv edilən obyektlər arasında Saadanın dağlıq ərazilərində yerləşən 11 ballistik raket anbarı, həmçinin komandanlıq və idarəetmə mərkəzləri, rabitə sistemləri, raket və silah anbarları və Husilərə məxsus qərargahlar yer alıb.
Aytən Yaşar/ Turkustan.az