Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən “Türk və Qardaş İcmaların Görüşü” tədbirində çıxışı zamanı Avropadakı müsəlman icmalarının vəziyyətindən danışıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan Türk-Amerika Milli Rəhbər Komitəsi (TASC), Beynəlxalq Demokratlar Birliyi (UID), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) təşkil etdiyi tədbirdə iştirak edib.
Türkiyə lideri bildirib ki, dünyanın bir çox yerində, xüsusilə Avropada müxtəlif problemlər yaşanır. Onun sözlərinə görə, müsəlmanlardan inteqrasiya deyil, assimilyasiya gözlənilir.
“Biz inteqrasiyaya ‘hə’, assimilyasiyanın bütün formalarına isə ‘yox’ deyirik”, – Ərdoğan vurğulayıb.
Ərdoğan ABŞ-da yaşayan türk və amerikalı müsəlman icmalarının ortaq dəyərlər və həmrəylik ətrafında birləşdiyini qeyd edib. O, bu icmaların müxtəlif coğrafiyaları və sərhədləri aşan güclü qardaşlıq bağlarına malik olduğunu bildirib.
Türkiyə Prezidenti Nyu-Yorkda vətəndaşlarla yenidən görüşməkdən məmnunluğunu ifadə edərək, tədbirin ABŞ-dakı türk və müsəlman icmalarının fəaliyyətini qiymətləndirmək və ortaq məsələləri müzakirə etmək baxımından əhəmiyyətli olduğunu deyib.
Aytən Yaşar/ Turkustan.az