Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. O, siyasi fəaliyyətini bundan sonra müstəqil şəkildə davam etdirəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Yavaş bu barədə bu gün yayımladığı açıqlamasında məlumat verib.
O qeyd edib ki, partiya daxilində onun şəxsiyyəti və ya siyasi mövqeyi ilə bağlı narazılıq olduğu təqdirdə bununla bağlı lazımi addımı atacağını daha əvvəl bildirmişdi.
“Partiya daxilində şəxsiyyətimlə və ya tutduğum mövqe ilə bağlı narahatlıq varsa, bunun tələbini yerinə yetirəcəyimi demişdim. Bu gün verilən bəzi açıqlamalar səbəbindən Cümhuriyyət Xalq Partiyasına üzvlüyümdən ayrılıram. Siyasi yolumu müstəqil şəkildə davam etdirdiyimi ictimaiyyətin diqqətinə çatdırıram”, – deyə Yavaş bildirib.
Beləliklə, Yavaş CHP üzvlüyündən ayrıldığını, lakin siyasi fəaliyyətini müstəqil davam etdirəcəyini açıqlayıb. Onun Ankara Böyükşəhər Bələdiyyəsinin sədri kimi fəaliyyətini davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Yavaşın CHP-dən ayrılacağı ilə bağlı son həftələrdə müxtəlif iddialar yayılmışdı. Yavaş isə avqust ayında belə iddialara cavab olaraq özü ilə bağlı hər hansı siyasi qərarın birbaşa özündən eşidiləcəyini bildirmişdi./modern.az