Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə Ukrayna böhranının həlli və Rusiya-ABŞ münasibətlərini müzakirə edib.
Turkustan.az xəbər verir ki, Uşakov jurnalistlərə açıqlamasında Vitkoff və Kuşnerin Moskvaya səfərinin ABŞ nümayəndələrinin Rusiyaya səkkizinci səfəri olduğunu və onların Putin tərəfindən qəbul edildiyini bildirib.
Onun sözlərinə görə, təxminən üç saat davam edən görüş konstruktiv, etimada əsaslanan və səmərəli olub. Danışıqlar zamanı Ukrayna böhranının həlli ilə yanaşı, ikitərəfli münasibətlər və digər aktual məsələlər də müzakirə edilib.
Uşakovun sözlərinə görə, Putin ABŞ-ın Ukraynadakı vasitəçilik səylərini yüksək qiymətləndirib və Trampa münaqişənin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
“Görüş zamanı son dərəcə ciddi məsələlər müzakirə edildi. Rusiya tərəfi Ukraynadakı xüsusi hərbi əməliyyatdan irəli gələn vəziyyətə dair hərtərəfli qiymətləndirməsini təqdim etdi. Bildirildi ki, Rusiya ordusu cəbhə xəttində irəliləyir və qarşıya qoyulmuş məqsədlərə çatacaq. Eyni zamanda, böhranın kök səbəblərinin aradan qaldırılmasının vacibliyi vurğulandı. Putin məsələnin siyasi və diplomatik yolla həlli üçün ABŞ tərəfi ilə birgə səyləri davam etdirməyə hazır olduğunu təsdiqlədi”, - deyə Uşakov bildirib.
Kremlin müşaviri əlavə edib ki, Moskvadakı görüşlərdən sonra Kiyevə səfər edəcək Vitkoff və Kuşner Putinin Ukrayna böhranının davamlı sülh yolu ilə həllinə dair mövqeyini amerikalı və ukraynalı tərəfdaşlarla müzakirə edəcəklər.
Uşakov ABŞ nümayəndələrinin səfərə ciddi hazırlaşdıqlarını da qeyd edib. Onun sözlərinə görə, Vitkoff və Kuşner münaqişənin mümkün qədər tez başa çatmasında maraqlı olduqlarını bildirərək, mümkün həll yolları ilə bağlı bir sıra təkliflər təqdim ediblər.
Aytən Yaşar/ Turkustan.az