Şimali Koreyanın şərqindəki Vonsan liman şəhərində lider Kim Çen Inın rəhbərliyi ilə hərbi mərasim keçirilib.
Turkustan.az xəbər verir ki, mərasim zamanı “Kang Kon” adlı yeni 5 min tonluq esmines istifadəyə verilib və Şimali Koreyanın Şərq Donanmasının inventarına daxil edilib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In çıxışında yeni nəsil esminesin ölkənin nüvə əks-hücum sisteminin tərkib hissəsi kimi düşmənlərə “ölümcül cavab zərbəsi” endirməli olduğunu bildirib.
Kim Çen In Şimali Koreya donanmasının “nüvə silahlı qüvvəyə” çevrilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb. O, həmçinin dəniz müdafiəsi və müharibənin qarşısının alınması imkanlarının daha da gücləndiriləcəyini qeyd edib.
Qeyd edək ki, Şimali Koreya iyun ayında 5 min tonluq “Choe Hyon” esminesini də istifadəyə verərək ölkənin Qərb Donanmasının inventarına daxil edib.
AytƏn Yaşar/ Turkustan.az