İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçid üçün razılaşdırılmış dəhlizi elan edəcəklər.
Turkustan.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai açıqlama verib.
"İran tərəfindən idarə olunan yeni beynəlxalq dəhliz omanlı qardaşlarımızla razılaşdırılıb və yaxın günlərdə bu barədə rəsmi məlumat veriləcək", - deyə İranın dövlət mediası Rezainin bəyanatından sitat gətirib.
O həmçinin qeyd edib ki, qarşıdakı günlərdə Hörmüz boğazının hüdudlarından kənarda yeni qadağan olunmuş zona elan olunacaq.
Onun sözlərinə görə, Tehranla razılaşdırmadan bu əraziyə daxil olan istənilən gəmi sanksiya siyahısına salınacaq.
Rezai bildirib ki, həmin zona ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayaraq Fars körfəzinin bəzi hissələrinə qədər uzanacaq və yükləmə limanlarına qədər olan ərazini əhatə edəcək.
O, həmçinin Hörmüz boğazının tamamilə bağlandığını və İran silahlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, ABŞ prezidentinin bunun əksinə olan bəyanatlarını yalan adlandırıb.
"ABŞ tərəfi beş-altı gəmini qaçaqmalçılıq yolu ilə keçirməyə çalışır. Bu, onlara baha başa gəlir, həmin gəmilər adətən hücumlara məruz qalır", - deyə o əlavə edib.
Bununla yanaşı, Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, İran ABŞ gəmilərini batırmamaq qərarına gəlib, çünki onlarda neft daşınır və bu, bölgənin ətraf mühitinə zərər vura bilər.
Rezai vurğulayıb ki, Vaşinqton hədə-qorxu və təcavüzlərə son qoymayana, eləcə də İranın etimadını bərpa etməyənə qədər Tehran Hörmüz boğazının açılması ilə bağlı heç bir öhdəlik götürməyəcək.
"Danışıqların davam etməsi üçün ABŞ-lilər İranın etimadını qazanmalıdırlar", - deyə o bildirib.
Rezainin sözlərinə görə, İran yalnız ABŞ-ın təhdidləri olmadığı təqdirdə Hörmüz boğazında gəmiçiliyə mane olmamaq öhdəliyini götürür.
Təhlükəsizlik Şurasının katibi həmçinin ABŞ sanksiyaları fonunda İranda malların qıtlığı ilə bağlı yayılan məlumatları təkzib edib. O bildirib ki, neft satışı davam edir, gəlirlər ölkəyə qayıdır və əsas malların strateji ehtiyatları stabil olaraq qalır./oxu.az