NATO ilə Rusiya arasında mümkün birbaşa hərbi qarşıdurma ehtimalı Avropanın təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib. Almaniyanın Bild nəşri NATO-nun Rusiya ilə birbaşa hərbi qarşıdurma ehtimalına qarşı fəaliyyət planı hazırladığını yazıb.Bild-in yazdığına görə, konsepsiyada pilotsuz sistemlərin kəşfiyyat, müşahidə, hədəflərin müəyyənləşdirilməsi və zərbə imkanlarından geniş istifadə olunması nəzərdə tutulur. Bu yanaşma NATO-nun son illərdə pilotsuz və avtonom hərbi texnologiyalara verdiyi əhəmiyyətin artdığını göstərir. Xüsusilə Rusiya-Ukrayna müharibəsində PUA-ların geniş tətbiqi müasir döyüşlərin xarakterini əhəmiyyətli dərəcədə dəyişib.
Ekspertlər hesab edir ki, yaxın perspektivdə tərəflərin şüurlu şəkildə genişmiqyaslı müharibəyə başlaması aşağı ehtimallı ssenari olaraq qalır. Bununla belə, yanlış hesablama, hərbi insident və ya kritik infrastruktura qarşı hücum nəzarətdən çıxaraq daha geniş qarşıdurmaya səbəb ola bilər. Belə bir vəziyyətdə NATO üzvü olan Türkiyənin strateji rolu xüsusilə əhəmiyyətli olacaq.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Türkiyənin keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, NATO ilə Rusiya arasında birbaşa müharibə qısa müddətdə ən real ssenari hesab edilə bilməz:
“Belə bir müharibənin hərbi, siyasi və iqtisadi qiyməti hər iki tərəf üçün son dərəcə ağır olacaq. Burada nüvə çəkindirməsi də mühüm faktordur. NATO ilə Rusiya arasında genişmiqyaslı qarşıdurmanın harada və necə dayanacağını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Konvensional müharibənin nüvə həddinə yaxınlaşması ehtimalı tərəflərin qərarvermə prosesində ciddi çəkindirici amil olaraq qalır. Lakin müharibə ehtimalının aşağı olması risklərin də aşağı olması demək deyil. Əsas təhlükə əvvəlcədən planlaşdırılmış NATO–Rusiya müharibəsindən daha çox yanlış hesablama, yanlış qiymətləndirmə, qəza və ya məhdud hərbi insidentin nəzarətdən çıxaraq eskalasiyaya səbəb olmasıdır. Bu baxımdan Baltik regionundan Qara dənizə qədər hərbi hazırlıq səviyyəsinin yüksəlməsi, hava məkanının pozulması, kiberhücumlar və kritik infrastruktura qarşı təxribat ehtimalları xüsusi diqqət tələb edir”.

O qeyd edib ki, NATO ölkələrindən birinin ərazisinə açıq və təsdiqlənmiş hərbi hücum ən təhlükəli ssenarilərdən biri ola bilər:
“Belə vəziyyətdə NATO-nun kollektiv müdafiə mexanizmi, o cümlədən Vaşinqton Müqaviləsinin 5-ci maddəsi gündəmə gələ bilər. Lakin daha mürəkkəb ssenarilər də mümkündür. Məsələn, Rusiyanın raket və ya PUA-sının Polşa, Rumıniya və ya Baltik ölkələrindən birində ciddi insan itkisinə səbəb olması, NATO və Rusiya qüvvələrinin Baltik və ya Qara dənizdə birbaşa qarşı-qarşıya gəlməsi, kritik infrastruktura qarşı genişmiqyaslı kiberhücum və ya sabotajlar eskalasiya mexanizmini işə sala bilər. Belə bir böhranın ilk əlaməti iki böyük ordunun birbaşa üz-üzə gəlməsi yox, daha məhdud insident ola bilər. Bir PUA, bir raket, bir döyüş təyyarəsi, bir gəmi, kiberhücum və ya kritik infrastruktura qarşı sabotaj daha geniş böhranın başlanğıc nöqtəsinə çevrilə bilər. Əsas təhlükə də məhz bundan ibarətdir”.
Y.Karauz vurğulayıb ki, Türkiyənin vəziyyəti digər NATO üzvləri ilə müqayisədə daha mürəkkəbdir:
“Türkiyə NATO üzvüdür və kollektiv müdafiə öhdəlikləri aydındır. Eyni zamanda, Qara dənizdə Rusiya ilə qonşudur və Moskva ilə enerji, ticarət, turizm, diplomatiya və regional təhlükəsizlik sahələrində geniş əlaqələrə malikdir. Digər tərəfdən, Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Kiyevlə mühüm müdafiə sənayesi əlaqələrinə malikdir”.
Onun sözlərinə görə, Ankaranın siyasətini yalnız “NATO ilə Rusiya arasında balans” kimi qiymətləndirmək düzgün deyil:
“Türkiyə üçün daha optimal yanaşma NATO daxilində güclü çəkindirmə, Rusiya ilə açıq kommunikasiya, Qara dənizdə nəzarət olunan hərbi tarazlıq və mümkün olan bütün sahələrdə diplomatik deeskalasiyanın təmin edilməsidir. Türkiyənin strateji imkanları sırasında Montrö Boğazlar Konvensiyasının xüsusi əhəmiyyət daşıdığını bildirib. 1936-cı il Montrö Boğazlar Konvensiyası Türkiyəyə mühüm geostrateji məsuliyyət verir. Türkiyənin Ukrayna müharibəsi başladıqdan sonra Montrö Konvensiyasını tətbiq etməsi Qara dənizdə müharibənin daha geniş dəniz qarşıdurmasına çevrilməsini məhdudlaşdıran mühüm amillərdən biri olub. Bu siyasətin davam etdirilməsi Türkiyənin maraqlarına uyğundur”.
Ekspert söyləyib ki, Qara dənizin NATO ilə Rusiya arasında intensiv hərbi qarşıdurma məkanına çevrilməsi Türkiyənin təhlükəsizlik maraqlarına uyğun deyil:
“Türkiyə baxımından optimal vəziyyət Qara dənizin NATO–Rusiya cəbhə xəttinə deyil, nəzarət olunan çəkindirmə məkanına çevrilməsidir. Türkiyənin üstünlüklərindən biri həm Moskva, həm Kiyev, həm Vaşinqton, həm də Avropa paytaxtları ilə birbaşa kommunikasiya imkanlarının olmasıdır. Türkiyənin prioritetlərindən biri NATO ilə Rusiya arasında, xüsusilə Qara dəniz istiqamətində hərbi böhranların idarə olunması və kommunikasiya mexanizmlərinin işlək vəziyyətdə saxlanılması olmalıdır. Türkiyə böhranın qarşısını alan güc rolunu oynaya bilər”.
General bildirib ki, NATO ilə Rusiya arasında birbaşa müharibə baş verərsə, Qara dəniz ən kritik cəbhələrdən birinə çevrilə bilər:
“Rumıniya və Bolqarıstan NATO üzvüdür, Türkiyə isə alyansın ən mühüm hərbi güclərindən biridir. Rusiyanın Qara dənizdəki hərbi imkanları və Ukrayna müharibəsi nəzərə alındıqda region son dərəcə intensiv hərbi mübarizə məkanına çevrilə bilər. Hava və raketdən müdafiə sistemləri, PUA-lar, sualtı qayıqlar, mina müharibəsi, elektron müharibə, uzaqmənzilli raketlər və kritik infrastruktura qarşı hücumlar ön plana çıxa bilər. Belə bir qarşıdurma Türkiyəyə yalnız hərbi deyil, ciddi iqtisadi təsirlər də göstərə bilər. Enerji qiymətləri sürətlə yüksələ, Qara dənizdə daşımaların və sığortanın qiyməti arta bilər. Rusiya ilə ticarət ciddi şəkildə azala, turizm sektoru zərər görə, taxıl və ərzaq qiymətləri üzərində yeni təzyiq yarana bilər. Buna görə NATO–Rusiya müharibəsi Türkiyə üçün yalnız hərbi deyil, həm də enerji, inflyasiya, ticarət, turizm, logistika və ərzaq təhlükəsizliyi məsələsidir”.
Cənubi Qafqazda yeni geosiyasi reallıq yarana bilər
Y.Karauz mümkün NATO-Rusiya qarşıdurmasının Cənubi Qafqaza da ciddi təsir göstərəcəyini düşünür:
“Rusiyanın hərbi və siyasi diqqətinin NATO cəbhəsinə yönəlməsi Cənubi Qafqazda yaranmış geosiyasi boşluğu daha da genişləndirə bilər. Bu vəziyyətdə Azərbaycanın strateji çəkisi arta bilər. Türkiyə–Azərbaycan strateji xətti regional təhlükəsizlik baxımından daha böyük əhəmiyyət qazana bilər. Belə bir ssenaridə Gürcüstan və Ermənistanın da üzləşdiyi geosiyasi çağırışlar artacaq. Gürcüstan üzərində geosiyasi təzyiq yüksələ, Ermənistanın Qərb, Rusiya və region dövlətləri arasında tarazlıq axtarışı daha mürəkkəb hala gələ bilər. Eyni zamanda, Xəzər üzərindən Avropaya gedən enerji və nəqliyyat marşrutlarının əhəmiyyəti kəskin şəkildə yüksələr. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP və Cənub Qaz Dəhlizi kimi layihələr belə bir vəziyyətdə artıq yalnız iqtisadi deyil, strateji əhəmiyyət də daşıya bilər. Bu layihələr Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin mühüm elementlərinə çevrilə bilər. Bu baxımdan Azərbaycanın geosiyasi əhəmiyyəti də ciddi şəkildə arta bilər”.
Ekspert hesab edir ki, Ankara NATO üzvlüyü ilə Rusiya münasibətlərini bir-birinin alternativi kimi görməməlidir:
“Türkiyə NATO daxilində üzərinə düşən öhdəlikləri yerinə yetirərkən Rusiya ilə kommunikasiya kanallarını da açıq saxlamalıdır. Hərbi çəkindirmə ilə diplomatik dialoq bir-birinin əksi deyil. Əksinə, güclü çəkindirmə və güclü diplomatiya birlikdə həyata keçirildikdə müharibə ehtimalını azaldır. Türkiyə xüsusilə hava və raketdən müdafiə sistemlərini, Qara dənizdə müşahidə və erkən xəbərdarlıq imkanlarını, elektron müharibə və PUA-lara qarşı müdafiə qabiliyyətini, dəniz təhlükəsizliyini, kritik infrastrukturun qorunmasını və kibermüdafiəni gücləndirməlidir.
“Bununla yanaşı, Moskva–Kiyev, Moskva–NATO və Vaşinqton–Moskva xətlərində yarana biləcək böhranlarda diplomatik vasitəçi və kommunikasiya kanalı olmaq qabiliyyəti qorunmalıdır”.
Ekspert yekunda vurğulayıb ki, NATO ilə Rusiya arasında birbaşa genişmiqyaslı müharibə qaçılmaz deyil:
“Bu gün belə bir müharibə tərəflərin şüurlu şəkildə seçəcəyi ən real ssenari deyil. Lakin risk əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Bunun əsas səbəbi tərəflərin müharibə istəməsi deyil, onların hərbi fəaliyyət sahələrinin və təmas nöqtələrinin getdikcə bir-birinə yaxınlaşmasıdır".
Onun sözlərinə görə, qarşıdakı dövrün əsas anlayışı “nəzarət olunan çəkindirmə” olmalıdır:
“Türkiyə üçün üç əsas strateji hədəf mövcuddur: NATO-nun etibarlı və güclü üzvü kimi kollektiv çəkindirməyə töhfə vermək, Qara dənizin NATO–Rusiya müharibə meydanına çevrilməsinin qarşısını almaq və Moskva, Kiyev və Qərb arasında açıq qalan diplomatik kanallardan istifadə edərək hərbi böhranların siyasi həll yollarına yönəldilməsinə töhfə vermək. Türkiyənin NATO daxilində həqiqi strateji əhəmiyyəti də məhz burada ortaya çıxır. Türkiyə yalnız NATO-nun cənub-şərq cinahında yerləşən böyük hərbi güc deyil. O, eyni zamanda Qara dənizin girişini nəzarətdə saxlayan, Rusiya ilə birbaşa danışa bilən, Ukrayna ilə strateji əlaqələrə malik olan, Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılan, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mərkəzi mövqeyə sahib regional gücdür. Bu səbəbdən mümkün NATO–Rusiya böhranında Türkiyənin strateji məqsədi tərəflərdən birini digərinə qarşı təşviq etmək deyil, çəkindirməni qoruyaraq müharibənin qarşısını almaq olmalıdır. Çünki NATO ilə Rusiya arasında birbaşa müharibənin real mənada qalibi olmayacaq”, - deyə ekspert vurğulayıb.