Dünya yeni nüvə qarşıdurması mərhələsinə yaxınlaşır, çünki onilliklər ərzində formalaşmış nüvə silahlarına beynəlxalq nəzarət sistemi tədricən öz effektivliyini itirir.
Turkustan.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
Məlumata görə, dünya faktiki olaraq “somnambulizm vəziyyətində” yeni nüvə silahlanması yarışına daxil olur:
"Silahların məhdudlaşdırılması haqqında müqavilələr bir-birinin ardınca qüvvədən düşür, əvvəllər öz nüvə silahlarını yaratmaq imkanını qəti şəkildə rədd edən dövlətlər isə mövqelərini yenidən nəzərdən keçirməyə başlayır. Əsas hadisələrdən biri ABŞ və Rusiya arasında Strateji Hücum Silahlarının ixtisarına dair Yeni Müqavilənin qüvvədə olma müddətinin başa çatması oldu. 2010-cu ildə Obama administrasiyası tərəfindən imzalanan və 2021-ci ildə Bayden tərəfindən müddəti uzadılan bu saziş məhz iki ölkənin strateji nüvə arsenalının məhdudlaşdırılması məqsədilə bağlanmışdı. İndi dünya nüvə arsenalının təxminən 86%-nə sahib olan Vaşinqton və Moskva 1972-ci ildən bəri ilk dəfə müvafiq müqavilə olmadan qalıb. Eyni zamanda, silahlara nəzarətin ikitərəfli modeli müasir vəziyyətə getdikcə daha az uyğun gəlir. Artıq 600-dən çox nüvə başlığına malik olan Çin öz arsenalını sürətlə artırır və ABŞ və Rusiya ilə danışıqlarda iştirak etməkdən imtina edir.
Şimali Koreyanın təxminən 50 hazır nüvə başlığı və daha bir neçə onlarla nüvə başlığı hazırlamaq üçün kifayət qədər materialı var. Lakin Pxenyanla danışıqlar 2019-cu ildən bəri aparılmır.
Bu fonda Cənubi Koreya və Yaponiyada baş verən dəyişikliklər xüsusilə diqqət çəkir.
Cənubi Koreyada vətəndaşların demək olar ki, 70%-i artıq öz nüvə silahlarının yaradılmasını dəstəkləyir. Yaponiya formal olaraq üç nüvəsiz prinsipə riayət etməyə davam edir: nüvə silahına malik olmamaq, onu istehsal etməmək və öz ərazisində yerləşdirilməsinə icazə verməmək. Lakin ölkənin baş nazir bu siyasətlə bağlı mövqeyini daha ehtiyatlı ifadə etməyə başlayıb, müdafiə naziri isə iyul ayında nüvə məsələsinin daha açıq şəkildə müzakirə olunmasına çağırıb". /axar.az/