Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş iddia edir ki, sosial şəbəkədə tanış olduğu şəxs xaricdən avtomobil gətirmək vədi ilə ondan 3 545 manat alıb.
Turkustan.az xəbər verir ki, Rəvan Vəliyevin sözlərinə görə, təxminən iki ay əvvəl sosial şəbəkədə Fərid adlı şəxslə tanış olub. Həmin şəxs özünü xaricdən avtomobil gətirən biri kimi təqdim edib.
"3 545 manat ödəmişəm. Qalan pulu isə maşın Azərbaycana gəldikdən sonra ödəyəcəkdim. Amma artıq maşının gəlməli olduğu tarixdən təxminən bir ay keçir. Nə maşın var, nə də pul. Hər gün deyir ki, bu gün-sabah gömrükdən çıxacaq. Sonradan öyrəndim ki, avtomobil ümumiyyətlə Azərbaycana gəlməyib", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı şikayət olunan şəxs isə bildirib ki, vətəndaşla artıq razılıq əldə olunub və avtomobil yaxın vaxtda təhvil veriləcək.
Lakin Rəvan Vəliyev bu açıqlamaya inanmadığını və qarşı tərəfin dəfələrlə verdiyi vədləri yerinə yetirmədiyini deyib.
Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, əgər avtomobil gətiriləcəyini vəd edən şəxsin xarici ölkələrdəki tərəflərlə və ya daşıyıcı ilə hər hansı əlaqəsi yoxdursa, bu hal dələduzluq əlamətləri daşıya bilər. "Vətəndaşa polisə müraciət etməyi tövsiyə edərdim. Əgər həmin şəxsin əməli sübuta yetirilərsə, məsuliyyətə cəlb oluna bilər", - deyə hüquqşünas bildirib.