Dəməşqdən Moskvaya uçuşlar bərpa olundu – yeni mərhələ başlayır


Bəşər Əsəd rejiminin devrilməsindən sonra dayandırılan Suriya-Rusiya arasında birbaşa hava əlaqəsi təxminən 18 aylıq fasilədən sonra bərpa olunub.

Turkustan.az xəbər verir ki, Suriya Hava Yolları avqustun 16-da Dəməşq və Moskva arasında müntəzəm birbaşa uçuşlara yenidən başlayıb. İlk reysə tələbatın yüksək olduğu, bütün biletlərin satıldığı və təyyarənin tam dolu olduğu bildirilib.

Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi marşrutun bərpasının ölkənin beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsi olduğunu açıqlayıb.

İlk reys Dəməşqdən Moskvanın Şeremetyevo hava limanına həyata keçirilib. İlkin mərhələdə uçuşların həftədə bir dəfə – bazar günləri həyata keçirilməsi planlaşdırılır. Tələbatın yüksək qalacağı təqdirdə reyslərin sayının artırılması nəzərdən keçiriləcək. Uçuş müddətinin təxminən 4 saat 40-50 dəqiqə olacağı gözlənilir.

Dəməşq-Moskva birbaşa sərnişin reysləri 2024-cü ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra təhlükəsizlik və siyasi qeyri-müəyyənlik səbəbindən dayandırılmışdı.

Əhməd Şaranın rəhbərlik etdiyi yeni administrasiya Rusiya ilə əlaqələri tamamilə kəsməsə də, Moskva ilə münasibətlərin yeni siyasi reallıqlar çərçivəsində qurulmasına çalışır. Bu baxımdan, birbaşa uçuşların bərpası təkcə nəqliyyat əlaqələrinin yenilənməsi deyil, həm də Dəməşq-Moskva münasibətlərində yeni mərhələnin mümkün göstəricisi kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ