Aİ enerji asılılığını azaltmaq üçün elektrikləşdirməni sürətləndirir


ABŞ/İsrail–İran müharibəsi və onun yaratdığı enerji böhranı Avropa İttifaqının (Aİ) qazıntı yanacaqlarından asılılığının doğurduğu riskləri son beş ildə ikinci dəfə üzə çıxarıb.

Turkustan.az xəbər verir ki, bu səbəbdən Aİ Komissiyası elektrikləşdirmə üzrə yeni Fəaliyyət Planını təqdim edib.

Plan elektrikləşdirmə səviyyəsini 46 faizə çatdırmağı və bunun hesabına hər il təxminən 260 milyard avro qənaət etməyi nəzərdə tutur.

Sənəddə qeyd edilir ki, Aİ ilk böyük enerji böhranını 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyadan qaz tədarükünün azalması səbəbindən yaşayıb. Neft və qaz qiymətlərinin kəskin bahalaşması Avropa iqtisadiyyatlarına ciddi mənfi təsir göstərib.

Yaxın Şərqdəki son müharibə isə enerji bazarlarında yeni qiymət artımına səbəb olub. Nəticədə Aİ qazıntı yanacağı idxalına əlavə 50 milyard avro vəsait xərcləyib. Artan enerji xərclərinin inflyasiya təzyiqlərini gücləndirdiyi və faiz dərəcələrinin yüksəlməsinə səbəb olduğu vurğulanıb.

Aİ-nin enerji tələbatının təxminən yarısının idxal olunan qazıntı yanacaqları hesabına ödənilməsi geosiyasi gərginliklər fonunda Birlik üçün struktur risk hesab olunur.

Bu riskləri azaltmaq məqsədilə Aİ enerji sisteminin elektrikləşdirilməsini sürətləndirir. Proqnozlara əsasən, bu keçid nəticəsində 2040-cı ilədək təbii qaz idxalı 70 faizdən, xam neft idxalı isə 40 faizdən çox azalacaq. Bunun həm enerji təhlükəsizliyini gücləndirəcəyi, həm də iqtisadiyyatı qiymət dalğalanmalarından daha yaxşı qoruyacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ