ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kubaya qarşı mümkün hərbi əməliyyat variantlarını araşdırır. Bu variantlar arasında adaya ABŞ ordusunun 101-ci Hava-Desant Diviziyasının minlərlə hərbçisinin çıxarılması ssenarisi də var.
Turkustan.az xəbər verir ki, bu barədə CBS News amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, son həftələrdə belə planlar müzakirə olunsa da, hələlik yekun qərar qəbul edilməyib.
ABŞ-nin müharibə naziri Pit Heqset daha əvvəl Kubaya qarşı güc tətbiqi ehtimalına eyham vurmuşdu. O, iyun ayında bildirib ki, Kubanın ABŞ üçün təhlükə yarada biləcək silahlar əldə etməyə cəhd göstərməsi Vaşinqtonla Havana arasında qarşıdurmaya səbəb ola bilər.
Kəşfiyyat məlumatlarına əsasən, Kuba Quanatanamo hərbi bazasına, ABŞ hərbi gəmilərinə və Florida ştatına qarşı istifadə etmək məqsədilə 300-dən çox pilotsuz uçuş aparatı əldə edib.
Bununla belə, mənbələr yaxın vaxtlarda Kubaya qarşı hərbi əməliyyatın keçirilməsini az ehtimal hesab edirlər. Bildirilir ki, İranla yenidən alovlanan müharibə səbəbindən Pentaqonun mühüm resursları artıq başqa istiqamətlərə cəlb olunub.
Hazırda Donald Tramp administrasiyasının Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün əsasən iqtisadi və diplomatik təzyiq vasitələrindən istifadə etdiyi vurğulanır./modern.az