ABŞ Konqresində İsrailə dəstək zəifləyir: Kritik səsvermə


ABŞ Nümayəndələr Palatası İsrailə ayrılan illik 3,3 milyard dollarlıq təhlükəsizlik yardımının dayandırılmasını nəzərdə tutan təklifi rədd edib.

Turkustan.az xəbər verir ki, bununla belə, 103 demokrat konqresmenin təklifi dəstəkləməsi Vaşinqtonda İsrailə siyasi dəstəyin zəiflədiyinə dair müzakirələri gücləndirib.

Dövlət Departamentinin büdcə qanun layihəsinə edilən düzəliş Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi tərəfindən təqdim olunub. Təklif İsrailə ayrılan 3,3 milyard dollarlıq maliyyələşdirmənin ləğvini nəzərdə tuturdu.

Nümayəndələr Palatasında keçirilən səsvermədə düzəliş 314 səs əleyhinə, 104 səs lehinə olmaqla qəbul edilməyib.

Lehinə səs verənlər arasında 103 demokrat və bir respublikaçı yer alıb. Bu nəticə əvvəlki illərlə müqayisədə diqqətçəkən dəyişiklik kimi qiymətləndirilir. Belə ki, ötən dövrlərdə İsraili dəstəkləyən qanun layihələri adətən geniş və ikipartiyalı dəstəklə qəbul edilirdi.

Bəzi demokratlar ABŞ-ın İsrailə hərbi yardımının tamamilə dayandırılmasını müdafiə etsələr də, partiyanın daha mülayim qanadı yalnız müdafiə xarakterli silah sistemlərinin maliyyələşdirilməsinin davam etdirilməsini dəstəkləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ