Ukraynanın Azov dənizində gəmilərə endirdiyi zərbələr Rusiyanın ixrac logistikası üçün Fars körfəzi ölkələrinin Hörmüz boğazında İranın tankerlərə hücumları nəticəsində üzləşdiyi problemlərə bənzər çətinliklər yaradıb.
Turkustan.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
Nəşr bildirir ki, son günlər peyk görüntüləri və gəmilərin hərəkətini izləyən xidmətlər Rostov-Don və Azov dənizinə girişlərdə çox sayda gəmilərin növbədə gözlədiyini qeydə alıb. Buna səbəb Ukraynanın ardıcıl zərbələrindən sonra Don-Azov kanalı və Kerç boğazının bağlanması olub.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, cəmi doqquz gün ərzində Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər.
CNN xatırladır ki, əvvəllər Azov dənizi faktiki olaraq Ukraynanın zərbələri üçün əlçatmaz hesab olunurdu və Rusiya üçün hərbi əməliyyatların aparılması, eləcə də yüklərin daşınması baxımından mühüm baza rolunu oynayırdı. Lakin Ukraynanın pilotsuz texnologiyalarının inkişafı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. /axar.az/