Bir "Green Card"a 100 min dollar?


Amerika Birləşmiş Ştatları "Green Card" almaq istəyən bəzi şəxslərdən təqribən 100 min dollar dəyərində girov istəməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə əsaslanaraq "The Wall Street Journal" nəşri yayımlayıb.

Həmin vəsaitin miqdarı dəyişkəndir və fərdi vəziyyətlərdən asılı olaraq iddiaçıdan 100 min dollardan az və ya daha çox təminat tələb edilməsi mümkündür. ABŞ Dövlət Departamenti bu yeni qaydanı məhdud sayda ölkədə sınaqdan keçirməyi nəzərdə tutur.

Bildirilir ki, həmin girov "Green Card" sahibinin ölkəyə yerləşdikdən sonra maddi çətinlik çəkəcəyi təqdirdə ABŞ üçün bir növ maliyyə qarantiyası funksiyasını yerinə yetirəcək. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott isə qəzetə bildirib:

"ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlara immiqrasiya etmək istəyənlər maliyyə cəhətdən müstəqil olmalıdırlar".

Administrasiyanın planına görə, xarici ölkələrdəki ABŞ konsulluqları vasitəsilə "Green Card" almağa müraciət edənlər tələb olunan girovu ödəməli olacaq və həmin pulu yalnız ABŞ vətəndaşlığına qəbul edildikdən sonra geri qaytara biləcəklər. Nəşrin yazdığına görə, bu prosedur, adətən, minimum beş il davam edir.

"Green Card", hərfi mənası "yaşıl kart", rəsmi adı - "United States Permanent Resident Card" - vətəndaşlığı olmayan şəxslərə ölkədə daimi yaşamaq hüququnu təsdiq edən və işləməyə icazə verən şəxsiyyət vəsiqəsidir./oxu.az


MANŞET XƏBƏRLƏRİ