Kreml ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhlə bağlı nikbin açıqlamalarını bölüşmür.
Turkustan.az xəbər verir ki, "Reuters" agentliyinin yüksəkvəzifəli mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin atəşkəs təşəbbüslərinə isti yanaşmır və müharibəni davam etdirmək niyyətindədir.
Məlumata əsasən, Ukraynanın son pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Kremldə narazılıq yaradıb. Mənbələr bildirirlər ki, Putin bu fonda hərbi əməliyyatları genişləndirməyə üstünlük verir.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın ötən həftə Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqlarından sonra səsləndirdiyi "həll yolu gözləniləndən daha yaxındır" fikri Kremldə ciddi dəstək qazanmayıb.
"Reuters"ə danışan və Putinlə mütəmadi təmasda olduqlarını bildirən yüksəkvəzifəli mənbələr yaxın aylarda münaqişənin daha da şiddətlənməsi ehtimalının yüksək olduğunu vurğulayıblar.
Bəzi kəşfiyyat qiymətləndirmələrinə görə, ən riskli ssenarilərdən biri Rusiyanın Donbas istiqamətində hərbi əməliyyatları genişləndirməsi və bunun NATO ilə gərginliyin daha da artmasına səbəb ola bilməsidir.
Mənbələrin bildirdiyinə görə, Vladimir Putin Donbas bölgəsinə tam nəzarəti ələ keçirmək məqsədindən geri çəkilmir. İddialara əsasən, Rusiya lideri yaxın vaxtlarda atəşkəs və mövcud cəbhə xətti əsasında razılaşmanı təklif edən bir qrup müşavirini sərt tənqid edib.
Kremlin sözçüsü Dmitri Peskov da Moskvanın mövqeyini şərh edərək bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə açıqdır, lakin eyni zamanda hərbi əməliyyatları öz planına uyğun davam etdirmək imkanına malikdir.
Ukrayna kəşfiyyatı və bir sıra Qərb analitikləri Rusiyanın hazırda sülh danışıqlarından daha çox yeni hərbi əməliyyatlara hazırlaşdığı qənaətindədir.
Müzakirə olunan ssenarilər arasında ən diqqətçəkən ehtimallardan biri gərginliyin NATO ölkələrinə qədər genişlənə bilməsidir. Məlumata görə, bəzi Rusiya hərbi ekspertləri Baltikyanı ölkələrdə və ya Rumıniyada yerləşən NATO bazalarına zərbələrin endirilməsi ehtimalını açıq şəkildə müzakirə edirlər.
Böyük Britaniyanın RUSI analitik mərkəzinin eksperti Cek Uotlinqin fikrincə, Moskvanın əsas məqsədi NATO ilə birbaşa müharibəyə başlamaq deyil. Onun sözlərinə görə, Kreml daha çox alyans daxilində mümkün cavab tədbirləri ilə bağlı fikir ayrılığı yaratmağa çalışa bilər.
Analitiklər hesab edirlər ki, belə bir gərginlik eyni zamanda Putinə indiyədək çəkinərək yanaşdığı ümumi səfərbərlik qərarı üçün ölkə daxilində siyasi zəmin formalaşdırmağa da xidmət edə bilər.
Aytən Yaşar/ Turkustan.az