İran səfirinin sözləri Ermənistanı qarışdırdı


İranda səfirin Qaqik Tsarukyan işi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda siyasi müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, erməni siyasi şərhçi Akop Badalyan İranın Ermənistandakı səfirinin açıqlamasının Tsarukyan barəsində cinayət işinə fərqli baxış formalaşdırdığını iddia edib.

İran səfiri bildirib ki, tərəflər arasında İran-Ermənistan ortaq ticarət mərkəzinin yaradılması ilə bağlı iqtisadi fikir ayrılıqları yaranıb. Onun sözlərinə görə, Tehran tərəfi mübahisənin qarşılıqlı razılaşma yolu ilə həllinə çalışıb və məsələnin sübutlar əsasında hüquqi müstəvidə yekunlaşacağına ümid edir.

Badalyan isə səfirin bu açıqlamasının təsadüfi olmadığını irəli sürərək, Nikol Paşinyanın İrana səfərindən qısa müddət sonra Tsarukyana qarşı hüquqi addımların atılmasına diqqət çəkib.

Erməni şərhçi iddia edib ki, Tehranın bu məsələ ilə bağlı İrəvandan müəyyən gözləntiləri olmuş ola bilər. Bununla yanaşı, o, bu fikirlərə dair hər hansı sübut təqdim etməyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Qaqik Tsarukyanı Ermənistan–İran ticarət mərkəzi layihəsi çərçivəsində dələduzluq, vəsaitlərin mənimsənilməsi və çirkli pulların yuyulması ittihamları ilə təqsirləndirir. Tsarukyan isə ittihamların siyasi motivli olduğunu bildirir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ