Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşner ilə Dohada görüşərək ABŞ-İran danışıqlarının gedişini və regiondakı vəziyyəti müzakirə edib.
Turkustan.az xəbər verir ki, Qətər Əmirliyinin yaydığı məlumata görə, görüşdə ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində aparılan danışıqlarda son vəziyyət nəzərdən keçirilib.
Tərəflər Livandakı vəziyyəti də müzakirə edərək, ölkənin birliyi, suverenliyi və sabitliyinin qorunması üçün atəşkəsin davamlı olmasının vacibliyini vurğulayıblar.
Şeyx Təmim bildirib ki, Qətər Pakistanla birlikdə vasitəçilik səylərini və anlaşma memorandumu çərçivəsində aparılan danışıqlara dəstəyini davam etdirəcək. Onun sözlərinə görə, hərtərəfli və uzunmüddətli razılaşmanın əldə olunması regional təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də beynəlxalq sülh və sabitliyə töhfə verəcək.
ABŞ nümayəndələri isə Qətərin Pakistanla birgə həyata keçirdiyi vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirərək, tərəfləri dialoq masasına gətirmək səylərinə görə təşəkkür ediblər. Onlar Vaşinqtonun danışıqlar prosesinin davam etdirilməsi və hərtərəfli razılaşmanın əldə olunması istiqamətində diplomatik fəaliyyətini davam etdirəcəyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az