ABŞ-ın vitse-prezidenti JD Vens İran rəsmilərinin Vaşinqtonla sülh danışıqlarını inkar edən açıqlamalarını "məyusedici" adlandırıb.
Turkustan.az xəbər verir ki, Vens "The Michael Knowles Show" proqramında İranla danışıqlar prosesi və Yaxın Şərqdəki vəziyyətlə bağlı sualları cavablandırıb.
Onun sözlərinə görə, ABŞ ilə texniki səviyyədə sülh danışıqları aparıldığı halda, İran rəsmilərinin "davam edən sülh danışıqları yoxdur" deməsi anlaşılmazdır.
"Bu, İranın danışıq taktikası və ritorikasıdır. Mən bunu tam başa düşmürəm", – deyə Vens bildirib.
ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, İran öhdəliklərinə əməl etməzsə, Vaşinqtonun hələ də güclü təzyiq rıçaqları var. O əlavə edib ki, ABŞ Tehrandan yoxlanıla bilən və uzunmüddətli nüvə öhdəlikləri gözləyir.
Danışıqların gələcəyinə toxunan Vens, "Hələ qarşıda uzun proses var. Lakin bizi Amerika xalqının maraqlarını qorumağa çalışan administrasiya və prezident təmsil edir", – deyə qeyd edib.
Aytən Yaşar/ Turkustan.az