İsrailin keçmiş baş naziri Naftali Bennett Baş nazir Binyamin Netanyahunun hökuməti üzərində nəzarəti itirdiyini və ölkəni idarə etmək qabiliyyətinin zəiflədiyini iddia edib.
Turkustan.az xəbər verir ki, amerikalı televiziya aparıcısı və bloqçu Mario Nawfala müsahibəsində danışan Bennett İsrailin daxili siyasəti, eləcə də Qəzza və Livan sərhədindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Netanyahu ifrat sağçı nazirlər İtamar Ben-Qvir, Bezalel Smotriç və ultra-ortodoks (Haredi) partiyaları arasında tarazlığı qorumağa çalışır.
"Bibi (Netanyahu) artıq kabinetinə nəzarət edə bilmir. Ben-Qvir onu bir istiqamətə, Smotriç başqa istiqamətə çəkir, Haredi partiyaları isə fərqli mövqe tutur. Hakimiyyətdə qalmaq üçün onların hamısına ehtiyacı olduğu üçün heç birinə 'yox' deyə bilmir", – deyə Bennett bildirib.
Keçmiş baş nazir əlavə edib ki, mövcud hökumət radikal siyasi qüvvələrin təsiri altındadır. O, öz hökumətində belə açıqlamalara yol verməyəcəyini və bu cür davranışlara dərhal müdaxilə edəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az