Yaponiya 2040-cı ilədək 18 müxtəlif sektorda 10 milyon süni intellektlə işləyən robotdan istifadə etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hazırladığı strategiyaya əsasən, ölkədə azalan işçi qüvvəsinin yaratdığı problemlərin aradan qaldırılması məqsədilə süni intellektlə idarə olunan robotların geniş tətbiqi nəzərdə tutulur. Bu barədə dövlət televiziyası NHK məlumat yayıb.
Plana görə, robotlar istehsal, infrastrukturun saxlanılması, səhiyyə, sosial qayğı, fəlakətlərə müdaxilə və müdafiə də daxil olmaqla 18 sahədə istifadə ediləcək.
Strategiya çərçivəsində yalnız rəqəmsal mühitdə deyil, fiziki dünyada da fəaliyyət göstərə bilən süni intellekt sistemlərinin hazırlanmasına ümumilikdə 380 milyard yen vəsait ayrılması nəzərdə tutulur.
İqtisadiyyat, ticarət və sənaye naziri Akazava Ryosei bildirib ki, müxtəlif sektorlardan toplanan məlumatlardan istifadə etməklə Yaponiyanın robotlar üçün süni intellekt texnologiyalarının inkişafında dünya liderinə çevrilməsi hədəflənir.
Aytən Yaşar/ Turkustan.az