Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə birgə mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Fidan çıxışı zamanı Avropa İttifaqı nümayəndə heyətinin ötən gün Ankaraya səfərini dəyərləndirərək bildirib ki, bu görüş Türkiyə–Aİ münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır.
"Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü strateji hədəflərimizdən biridir. Aİ nümayəndə heyətinin Ankaraya səfəri vacib idi. Türkiyə–Aİ münasibətləri daha konstruktiv şəkildə inkişaf edir. Görüşlərdə miqrasiya və viza məsələləri müzakirə olundu", – deyə Fidan bildirib.
Nazir əlavə edib ki, Gömrük İttifaqının yenilənməsi də gündəmdə olub. Onun sözlərinə görə, Kipr Rum tərəfinin etirazı səbəbindən bu istiqamətdə irəliləyiş istənilən sürətlə getmir. Fidan qeyd edib ki, Aİ üzvlərinin böyük əksəriyyəti Gömrük İttifaqının yenilənməsini dəstəkləyir.
Aytən Yaşar/ Turkustan.az