“Baş verənlər göstərir ki, Rusiya Prezidenti Vladimir Putinin təzyiq imkanları tükənmək üzrədir, regiondakı əsas təsir rıçaqları tədricən gücünü itirir”.
Turkustan.az xəbər verir ki, bu barədə “Eurasianet” yazıb.
Məqalə müəlliflərinin fikrincə, Ukrayna dronları təkcə iki ölkə arasında uzanan müharibədə Rusiya ordusunu müdafiəyə keçməyə məcbur etməyib, həm də “Rus NATO-su” adlandırılan KTMT-nin sabitliyini sarsıtmaq təhlükəsi yaradır:
“Kreml Ermənistanda Putinin əsas siyasi rəqibi hesab edilən Baş nazir Nikol Paşinyanın yenidən seçilməsinin qarşısını da ala bilmədi, bu da Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən və Avropa İttifaqına alternativ kimi təqdim olunan Avrasiya İqtisadi Birliyinin (AİB) zəifliyini daha qabarıq şəkildə nümayiş etdirir.
Ukrayna Prezidenti Volodimir Zelenski də tez-tez “Kremlin girovu” adlandırılan Belarusa ultimatum verərək, Rusiya Silahlı Qüvvələrinə göstərilən dəstəyin dərhal dayandırılmasını tələb edir. Əks halda, ölkənin kütləvi PUA zərbələrinə məruz qalacağı bildirilib. Belarus lideri Aleksandr Lukaşenko bu tələbi qismən yerinə yetirərək, Minskin müharibəyə cəlb olunmaq istəmədiyini bəyan edib. Lukaşenkonun bu addımları Rusiyada narazılıq doğurub.
Rusiya təzyiqlərini zəiflətmək məqsədilə Lukaşenko təcili Pekinə yollanaraq, burada Belarusun suverenliyi və ərazi bütövlüyü məsələsində Çin lideri Si Cinpindən dəstək alıb. Bu diplomatik addım Kremlin bir çoxlarının Rusiyanın peyki hesab etdiyi dövlət üzərində təsir imkanlarının nə dərəcədə məhdud olduğunu göstərir.
Ukraynanın Belarusa münasibətdə seçdiyi strategiya KTMT üçün daha geniş nəticələr doğurub. Təşkilatın nizamnaməsində NATO-da olduğu kimi, üzv dövlətlərdən birinə qarşı hücumun bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilməsi prinsipi təsbit olunub. Buna görə də Ukraynanın KTMT üzvü olan Belarusa qarşı istənilən hərbi əməliyyatı nəzəri cəhətdən təşkilatın digər üzvlərinin kollektiv cavabına səbəb olmalı idi. Amma son günlər KTMT üzvləri olan Qazaxıstan və Qırğızıstan açıq şəkildə bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinə qoşulmaq niyyətində deyillər. Bu isə təşkilatın hazırda daha çox kağız üzərində mövcud olduğu, real fəaliyyətinin isə zəiflədiyi barədə qənaət formalaşdırır”.
Nəşr qeyd edib ki, Qazaxıstan və Qırğızıstan Ukraynadakı müharibəyə mümkün cəlb olunmaları ilə bağlı narahatlıqlarını bəyan edib:
“Hər iki ölkənin nümayəndələri bildiriblər ki, KTMT müqaviləsində nəzərdə tutulan hərbi yardım müddəasının tətbiqi ilə bağlı qərar parlamentlər tərəfindən qəbul olunmalıdır. Bununla yanaşı, həm də qeyd ediblər ki, belə bir təşəbbüs deputatlar tərəfindən etirazla qarşılaşa bilər”.
Rusiyanın “Nezıqar” Teleqram kanalı isə Qırğızıstan Xarici İşlər Nazirliyinin adının açıqlanmadığı nümayəndəsindən sitat gətirib: “Ukraynanın Belarusa qarşı təcavüz aktı BMT və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə rəsmi şəkildə tanınmalıdır. Belə bir qərar olmadan KTMT-nin vəziyyətə reaksiya vermək səlahiyyəti yoxdur”.
Mənbələrə görə, belə bir qətnamənin qəbul edilməsi ehtimalı isə olduqca aşağıdır, çünki onu BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa bloklaya bilər:
“AİB də etimad böhranı ilə üz-üzədir. Birliyin tamhüquqlu üzvləri olan Qazaxıstan və Qırğızıstandan son aylarda dəfələrlə bəyan edilib ki, qurum səmərəsiz fəaliyyət göstərir, ilk növbədə Rusiyanın iqtisadi maraqlarına xidmət edir.
AİB-in real mənada sərbəst ticarəti təmin edə bilmədiyini göstərmək məqsədilə Qazaxıstan yerli istehsalçıları qorumaq üçün altı ay müddətinə buğda idxalına, o cümlədən AİB-ə üzv digər ölkələrdən tədarüklərə qadağa tətbiq etməyi nəzərdən keçirib.
Ermənistanın Qərbin siyasi-iqtisadi strukturlarına inteqrasiyasının tərəfdarı olan Baş naziri Nikol Paşinyan isə ümumilikdə AİB-in mövcudluğunu sual altına salır. Halbuki Ermənistan rəsmi olaraq hələ də bu birliyin üzvüdür.
İyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın yenidən seçilməsinin qarşısını almağa yönəlmiş uğursuz kampaniya çərçivəsində Rusiya keyfiyyətə nəzarət tələblərinə uyğun gəlmədiyi iddiası ilə bir sıra Ermənistan məhsullarının idxalını qadağan edib. Paşinyan bu qadağanı AİB-in yalnız kağız üzərində mövcud olduğunu göstərən arqument kimi istifadə edir. Ermənistan rəsmilərinin sözlərinə görə, ölkə öz məhsulları üçün uğurla yeni bazarlar tapır, yeni alıcılardan məhsulların keyfiyyəti ilə bağlı da hansısa şikayət yoxdur”.
Mənbə Paşinyandan sitat da gətirib: “Avrasiya İqtisadi Birliyi açıq şəkildə bəyan etməlidir ki, ümumiyyətlə, fəaliyyət qabiliyyətli ticarət təşkilatı kimi mövcuddurmu?”./teleqraf