Hazırda bazarda fərdi şəxslər tərəfindən gətirilmiş, rəsmi zəmanət və servis xidməti olmayan avtomobillərin bir qisminin hətta ötənilki qiymətlərdən daha aşağı qiymətə satıldığı müşahidə edilir.
Turkustan.az xəbər verir ki, bu sözləri Bakı.vs-yə açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, bu vıəziyyət həmin avtomobillərə investisiya yatırmış şəxslərin gözlədikləri müddətdə və qiymətlə satış həyata keçirə bilmədiklərini göstərir:
"Əvvəllər idxal olunan avtomobillər qısa müddətdə, bəzən 10-15 gün ərzində satılırdısa, indi bəzi hallarda avtomobillər aylarla alıcı gözləyir. Bu vəziyyət investorların risklərini artırır və nəticədə onlar avtomobilləri daha aşağı qiymətlərlə satışa çıxarmağa məcbur olurlar.
Əsas səbəblərdən biri ötən il tətbiq olunan güzəştlərin başa çatacağını əvvəlcədən bilən şəxslərin, xüsusilə paralel idxalla məşğul olan fərdi sahibkarların 2025-ci ilin son rübündə ölkəyə daha çox avtomobil gətirməsi ilə bağlıdır. Onlar güzəştlərin bitəcəyini nəzərə alaraq böyük həcmdə avtomobil idxal edib müxtəlif şəxslərin adına rəsmiləşdirərək anbarlarda saxladılar. Həmin avtomobillərin əhəmiyyətli hissəsi bu gün də satışdadır. Nəticədə, ötən ilin sonlarında həyata keçirilən yüksək idxal həcmi cari ilin idxal göstəricilərinə təsir edib və bazarın tələbatının bir hissəsini əvvəlcədən qarşılayıb".
AADA İdarə heyətinin sədri əlavə edib ki, rəsmi idxalçılar tərəfindən satılan zəmanətli avtomobillərdə qiymət artımı yoxdur:
"Əksinə müxtəlif kampaniyalar vasitəsilə güzəştlər təqdim edilir. İkinci əl bazarında aktivlik müşahidə edilsədə gözə çarpacaq dinamika yoxdur.