ABŞ və İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan texniki danışıqların vaxtı hələ dəqiqləşməyib.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vensin rəsmi nümayəndəsi məlumat verib. Bildirilib ki, Vaşinqton və Tehran arasında nəzərdə tutulan texniki danışıqların təşkili ilə bağlı hazırlıqlar yekunlaşmayıb və ABŞ nümayəndə heyəti ilk fürsətdə yola düşməyə hazırdır.
“Vitse-prezidentin mətbuat konfransında qeyd etdiyi kimi, qarşıdan gələn texniki danışıqlarla bağlı planlar hələ tam dəqiqləşdirilməyib. ABŞ nümayəndə heyəti ilk mümkün fürsətdə yola düşməyə hazırdır. Lakin bu danışıqların logistikasının heç vaxt sadə və proqnozlaşdırılan olmadığı da məlumdur”, – deyə açıqlamada vurğulanıb.
Ağ Ev həmçinin Vensin iyunun 19-na planlaşdırılan İsveçrə səfərinin təxirə salındığını təsdiqləyib. Rəsmi Vaşinqton buna baxmayaraq, İranla texniki danışıqlara mümkün qədər tez başlanacağını gözlədiyini bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun icrası ilə bağlı ilk texniki müzakirələrin İsveçrənin Bürgenstok kurortunda keçirilməsi nəzərdə tutulurdu. Lakin tərəflər arasında təşkilati məsələlərin tam razılaşdırılmaması səbəbindən görüş baş tutmayıb. /yenisabah.az/