Hər bir xoşagəlməz haldan qorunmaq üçün özümüzü, ailə üzvlərimizi və əmlaklarımızı sığorta etdiririk. Nəticədə gələcəkdə baş verə biləcək hər hansı bir hadisəyə görə maddi itkilərdən xilas oluruq.
Amma bəzi hallarda vətəndaşla sığorta şirkəti arasında ödənişlə bağlı mübahisələr olur. Hətta sığorta şirkəti ödənişdən imtina edir.
Bəs hansı halda sığorta şirkəti ödənişdən imtina edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, ödənişdən imtina sığorta növlərinə görə dəyişə bilir:
“Məsələn, qəsdən qəza törətməyə görə sığorta ödənişindən imtina oluna bilər. Sığorta marağı olmadığına görə ödənişdən imtina edilə bilər. Eləcə də müharibə şəraitində əmlaka ziyan dəyərsə, bu zaman da ödənişdən imtina halı yaranır.
Bundan başqa kasko sığorta növündə imtina halları dəqiq göstərilib.Əgər avtomobil kommunikasiya lyukuna düşərsə və yaxud motorda hansısa problem yaranarsa, o zaman bu sığorta ödənişindən imtinaya əsas verir. Yaxud səfər sığortası olan şəxs səfərdə xroniki xəstəlikdən xəstəxanaya düşərsə, o zaman da ödənişdən imtina edilə bilər”.