WSJ: Pentaqon İranla bağlı yeni əməliyyatlar üçün 80 milyard tələb edir


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla bağlı hərbi əməliyyatların və digər müdafiə xərclərinin maliyyələşdirilməsi üçün Konqresdən əlavə 80 milyard dollar ayrılmasını istəyib.

Turkustan.az xəbər verir ki, "Wall Street Journal"ın (WSJ) məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, müdafiə nazirinin müavini Stiven Feynberq bu həftə keçirilən görüşlərdə Konqres üzvlərini əlavə maliyyələşdirmə tələbi barədə məlumatlandırıb.

Mənbələrin sözlərinə görə, Konqres yeni büdcə qanun layihəsini vaxtında qəbul etməzsə, silahlı qüvvələr yay aylarında əməliyyatların maliyyələşdirilməsində çətinliklə üzləşə bilər.

Bildirilir ki, tələb olunan əlavə vəsaitin bir hissəsi dəniz əməliyyatlarına, hərbi personalın maaşlarına və sursat təminatına yönəldiləcək. Mənbələr həmçinin qeyd ediblər ki, bu maliyyələşdirmə yalnız İranla bağlı xərcləri deyil, digər müdafiə ehtiyaclarını da əhatə edir.

Bundan əlavə, yaxın günlərdə həm Pentaqonu, həm də kənd təsərrüfatı və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi qeyri-müdafiə sahələrini əhatə edən genişmiqyaslı əlavə büdcə sorğusunun Konqresə təqdim ediləcəyi gözlənilir.

Qeyd olunur ki, Pentaqonun əlavə büdcə tələbi Konqresə göndərilməzdən əvvəl Ağ Evin İdarəetmə və Büdcə Ofisi tərəfindən təsdiqlənməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ